Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rütte Avropa ölkələrini müdafiə sahəsində ABŞ ilə əlaqələri zəiflətməməyə çağırıb. O, bu xəbərdarlığı Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı iddiaları və Vaşinqton–Brüssel xəttində artan fikir ayrılıqları fonunda səsləndirib.
Avropa Parlamentində keçirilən dinləmələrdə çıxış edən Rütte bildirib ki, Avropanın ABŞ-ın iştirakı olmadan özünü müdafiə edə biləcəyini düşünənlər “xəyal qurmağa davam edə bilərlər”. Onun sözlərinə görə, Avropada NATO-dan kənar vahid ordu və ya alternativ hərbi strukturun yaradılması ideyası Rusiya Prezidenti Vladimir Putini yalnız sevindirə bilər.
NATO Baş katibi vurğulayıb ki, ABŞ ilə hərbi əməkdaşlıq Ukraynaya dəstək baxımından da həlledici əhəmiyyət daşıyır. Xüsusilə silah tədarükü məsələsində Avropanın ABŞ-dən asılı olduğunu deyən Rütte qeyd edib ki, Amerika silahları olmadan Kiyevin ehtiyaclarını qarşılamaq mümkün deyil. Bu səbəbdən də hərbi satınalmalarda “Avropadan al” siyasətinə üstünlük verilməsinin real olmadığını bildirib. Rüttenin sözlərinə görə, NATO müttəfiqləri arasında Ukraynaya dəstək məsələsində ciddi problem yoxdur.
Bu arada ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Qrenlandiya ərazisində ABŞ hərbi mövcudluğunun gələcəyi ilə bağlı razılığa gəliblər. Məsələ yanvarın 21-də Davosda keçirilən görüşlər çərçivəsində müzakirə olunub.
Rütte eyni zamanda Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürməli olduqlarını da etiraf edib. Onun sözlərinə görə, bu, Trampın əsas tələblərindən biridir. Bununla belə, NATO rəhbəri ABŞ iləəməkdaşlığın, xüsusilə də nüvə təhlükəsizliyi sahəsində davam etdirilməsinin vacibliyini vurğulayıb. Rütte Avropanın ABŞ-nin “nüvə çətiri” altında qalacağını və Amerika qoşunlarının qitədən tam çıxarılmasının gündəmdə olmadığını bildirib.
Qeyd edək ki, Avropa liderləri bir tərəfdən Trampın tələbi ilə hərbi xərclərin artırılmasını dəstəkləsələr də, digər tərəfdən ABŞ-nin dəyişən siyasəti, xüsusilə Qrenlandiya məsələsi fonunda Aİ daxilində strateji muxtariyyət və transatlantik asılılığın azaldılması çağırışları güclənir. Tramp isə tez-tez NATO-nu və Avropa müttəfiqlərini səmərəsizlikdə ittiham edir. Onun ABŞ müttəfiqlərinin Əfqanıstan kampaniyasındakı rolu ilə bağlı son açıqlamaları Böyük Britaniya, Polşa və Çexiya da daxil olmaqla bir sıra Avropa ölkələrində kəskin reaksiyalara səbəb olub.
Rasim
“AzPolitika.info”