Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hazırkı vəziyyət onu göstərir ki, bu gün artıq Avropa İttifaqı, xüsusilə də bu qurumun aparıcı dövlətləri təhlükəsizlik sisteminin gücləndirilməsi, müdafiə strategiyasının yenilənməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində ciddi müzakirələr aparır və konkret təkliflər irəli sürür”.
Bu fikirləri millət vəkili Azər Allahverənov XalqCəbhəsi.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Almaniyanın siyasi rəhbərliyi bu kontekstdə mütəmadi çıxışlar edir və səsləndirilən mövqelər Avropa İttifaqına üzv olan digər dövlətlər tərəfindən də əsasən müsbət qarşılanır: “Bu gün ABŞ ilə Avropa İttifaqı arasında gedən proseslər açıq şəkildə göstərir ki, əgər əvvəlki dövrlərdə Avropa İttifaqı daha çox ABŞ-ın təhlükəsizlik çətiri altında fəaliyyət göstərirdisə, mövcud mərhələdə bu model artıq öz əvvəlki effektivliyini itirir. ABŞ-ın bir sıra məsələlərdə Avropa İttifaqına qarşı daha tələbkar və iddialı mövqe nümayiş etdirməsi Avropanın əvvəlki komfort mərhələsinin başa çatdığını göstərir.Avropa İttifaqı bu yeni reallıqları Münhen Təhlükəsizlik Konfransı və digər beynəlxalq platformalarda yenidən dəyərləndirir və adekvat addımlar atmağa hazırlaşır. Bu proseslər Avropa İttifaqının daha sıx inteqrasiyasını, eyni zamanda təhlükəsizliyi təmin edə biləcək vahid strategiyanın formalaşdırılmasını zəruri edir. Bu, artıq alternativsiz bir yanaşmadır. Lakin praktik müstəvidə həmin strategiyanın uğurla icra olunması üçün ardıcıl və sistemli addımların atılmasına ciddi ehtiyac var.
Almaniya xüsusilə hərbi-sənaye sahəsində bu istiqamətdə real addımlar atan əsas ölkələrdən biridir və Fransa da bu prosesdən kənarda qalmaq niyyətində deyil.
Həm Almaniya, həm də Fransa NATO-nun üzvüdür və NATO Avropa İttifaqının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir. Bununla yanaşı, Avropa İttifaqı öz daxilində müdafiə potensialını və hərbi imkanlarını artırmağa yönəlmiş müstəqil siyasət formalaşdırmaq niyyətindədir. Bu yanaşma Avropa İttifaqının mövqelərini müəyyən qədər gücləndirə bilər”.
Azər Allahverənov vurğulayıb ki, hazırkı mərhələdə bu proseslərin qlobal güc balansını köklü şəkildə dəyişəcəyi real görünmür: “Bu gün beynəlxalq münasibətlər sistemində güc balansı əsasən NATO çərçivəsində müəyyənləşir. Çin və Rusiya kimi mühüm aktorlar mövcuddur, lakin Avropa İttifaqının qısa müddətdə tam müstəqil qlobal güc mərkəzinə çevrilməsi üçün zaman tələb olunur. Hazırkı məqsəd yaranmış vəziyyətdən maksimum istifadə edərək Avropanın hərbi potensialını dövrün çağırışlarına uyğun şəkildə artırmaqdır”.
Günel Elxan