Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kosovonun Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində Azərbaycan ağırlıqqaldıranları 6 medal qazanıb.
Birdən qaldırma hərəkətində 91 kq çəkini ram edən Məhəmməd Rüstəmli qitə miqyaslı yarışın bürünc mükafatını əldə edib. 55 kq çəki dərəcəsində yarışan Rüstəmli təkanla qaldırma növündə daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz Avropa birinciliyinin gümüş medalına sahib olub. Beləliklə iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
60 kq çəki dərəcəsində yarışan İsa Hüseynov isə birdən qaldırma hərəkətində 93 kq çəkini başı üzərinə qaldıraraq bürünc mükafat əldə edib. Təkanla qaldırma növündə 116 kq ağırlığın öhdəsindən gələn təmsilçimiz yenə ən güclü üçlüyü tamamlayıb. Beləliklə iki hərəkətin cəmində 209 kq nəticə göstərən İsa toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.
Qabil YUSİFOĞLU
XQ