Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakimin MÜSAHİBƏSİ FOTO

04.02.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Futzal üzrə azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının əsas mərhələsində Ermənistan millisinin oyununda iş başında olması ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, hakim bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.

H.Qafarlı sözügedən qarşılaşmada “timekeeper” kimi fəaliyyət göstərməsinə münasibət bildirib:

“Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır”.

O, Avropa çempionatında fərqli atmosfer olduğunu vurğulayıb:

“Qitənin ən nüfuzlu futzal yarışı 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışı idi. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də qarşılaşmaların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və sair tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar”.

Ədalət təmsilçisi Ukrayna – Litva matçını idarə etməsi ilə bağlı danışıb:

“Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş, Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdular. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi”.

O, üçüncü hakim olduğu Gürcüstan – Fransa görüşünün də gərgin keçdiyini söyləyib:

“Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Bu səbəbdən üçüncü hakimin işi çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm”.

Qafarlı qrup mərhələsindən sonra təyinat almamasını bu cür əsaslandırıb:

“Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı, demək olar ki, yarıbayarı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər. Oradan yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman növü olduğuna şahidlik etdim”.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью