Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb

01.10.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) “Candy Crush Saga”, “Minecraft” və “Clash of Clans” kimi məşhur oyunlarda virtual valyutalar vasitəsilə həyata keçirilən alışların istehlakçı hüquqlarına uyğunluğunu araşdırmaq üçün 9 oyun şirkəti ilə bağlı yoxlama başladıb.

Marja.az Aİ Komissiyasının məlumatına istinadən xəbər verir ki, milli istehlakçı hüquqlarını müdafiə orqanlarını birləşdirən İstehlakçıların Müdafiəsi üzrə Əməkdaşlıq Şəbəkəsi (CPC) oyunçuların hüquqlarının gücləndirilməsi məqsədilə videooyun şirkətlərinə qarşı koordinasiyalı araşdırmalara başlayıb.

Araşdırmalar zamanı oyun daxilində satılan məhsulların və virtual valyutaların real pul ekvivalentinin istifadəçilərə aydın şəkildə göstərilib-göstərilmədiyi yoxlanılacaq. Məqsəd müxtəlif virtual valyutalar və onların bir-birinə çevrilməsi yolu ilə alışların real dəyərinin gizlədilməsinin qarşısını almaqdır.

Eyni zamanda, oyunçuların oyunda irəliləmək və ya müəyyən funksiyalardan istifadə etmək üçün ehtiyaclarından daha çox virtual valyuta almağa təşviq edilib-edilmədiyi də araşdırılacaq.

Şirkətlərin alışdan əvvəl istifadəçilərə aydın və anlaşılan məlumat təqdim etməsi, istifadə olunmamış virtual valyutalar da daxil olmaqla 14 günlük imtina hüququ barədə məlumatlandırma aparması və ədalətli müqavilə şərtləri təqdim etməsi də yoxlamanın predmetinə daxildir.

Xüsusilə uşaqlar kimi həssas istehlakçı qruplarının zərərli və ədalətsiz kommersiya təcrübələrindən qorunması üçün görülən tədbirlər də qiymətləndiriləcək.

Araşdırmalar “Crytek”, “InnoGames”, “King”, “Mojang”, “Plarium Europe”, “PLR Worldwide Sales”, “Riot Games”, “Supercell” və “Ubisoft” şirkətlərini əhatə edir.

Yoxlamaya “Candy Crush Saga”, “Minecraft”, “Clash of Clans”, “Hunt: Showdown 1896”, “Forge of Empires”, “Mech Arena”, “Gardenscapes”, “Valorant” və “For Honor” oyunları da daxil edilib.

CPC şəbəkəsi ötən il oyunlarda virtual valyutaların istifadəsində şəffaflıq və ədalətliliyin təmin olunmasına dair prinsiplər əsasında sektor nümayəndələri ilə danışıqlara başlamışdı. Danışıqlardan kifayət qədər nəticə əldə edilmədikdən sonra aparılan bazar araşdırması sözügedən oyunların daha detallı şəkildə yoxlanılmasını zəruri edib.

Bundan əlavə, “Activision Blizzard UK” şirkətinin “Diablo Immortal” və “Call of Duty Mobile” oyunları ilə bağlı ayrıca araşdırma aparılır.

Bu yoxlama çərçivəsində virtual valyutaların satışı ilə yanaşı, şəxsi məlumatların toplanması, oyunların asılılıq yarada biləcək dizayn xüsusiyyətləri, valideyn nəzarəti parametrləri, uşaqlara birbaşa marketinq və oyun hesablarının bloklanması kimi məsələlər də nəzərdən keçirilir.

Aİ Komissiyasının istehlakçıların müdafiəsi üzrə üzvü Maykl Makqrat bildirib ki, avropalıların təxminən yarısı videooyun oynayır və sektor, xüsusilə uşaqları zərərli və ədalətsiz praktikadan qorumaq öhdəliyi daşıyır.

Onun sözlərinə görə, oyunlar ədalətli olmalı və müəyyən edilmiş qaydalara əməl edilməlidir. Milli qurumlar isə Aİ Komissiyasının dəstəyi ilə bu qaydaların icrasını təmin edəcək.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью