Avropa İttifaqı ilə İndoneziya arasında azad ticarət sazişi imzalanıb

23.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 23 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə İndoneziya arasında azad ticarət sazişi barədə doqquz il davam edən danışıqlar uğurla başa çatıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç və İndoneziyanın iqtisadiyyat naziri Airlanqa Hartartonun Balidə imzaladıqları iqtisadi və investisiya sazişlərinə əsasən Aİ-dən İndoneziyaya idxal olunan malların, o cümlədən avtomobil və kənd təsərrüfatı məhsullarının gömrük rüsumları demək olar ki, tamamilə ləğv ediləcək.

M.Şefçoviç bu razılaşmanın dünya üçün güclü siqnal olduğunu vurğulayaraq, rüsumların 98 faizindən çoxunun aradan qaldırılmasının tərəflərə mühüm üstünlüklər qazandıracağını deyib.

Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen isə sazişin Avropaya təmiz texnologiyalar və polad sənayesi üçün həyati əhəmiyyət daşıyan xammala etibarlı çıxış imkanı verəcəyini, həmçinin şirkətlər və fermerlər üçün yeni imkanlar yaradacağını qeyd edib.

Qeyd edək ki, dünyanın ən böyük nikel ehtiyatlarına malik İndoneziya yaxın illərdə hasilatı artırmağı planlaşdırır. Razılaşma qüvvəyə minməzdən əvvəl Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью