Avropa İttifaqı Rusiyanı “qara siyahı”ya saldı Maliyyə əməliyyatlarına sərt nəzarət başlayır

30.01.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələr siyahısına daxil edib. “AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, qərar 29 yanvar tarixindən qüvvəyə minib.

Bu addım Rusiyanın Avropa İttifaqının “qara siyahı”sına salınması anlamına gəlir və Rusiya ilə bağlı bütün maliyyə əməliyyatlarına nəzarətin kəskin şəkildə sərtləşdirilməsini nəzərdə tutur. Belə ki, Aİ ölkələrində fəaliyyət göstərən şirkətlər və maliyyə qurumları Rusiya ilə əlaqəli bütün sövdələşmələr üzrə geniş və hərtərəfli yoxlamalar aparmalı olacaqlar.

Yeni qaydalara əsasən, Avropa rəsmiləri biznes strukturlarından və maliyyə institutlarından benefisiar sahiblər, vəsaitlərin mənşəyi və pul axınları ilə bağlı daha çox sənəd tələb edəcək. Eyni zamanda, Rusiya ilə bağlı iri və riskli əməliyyatlar Avropanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Xidməti (AMLA) tərəfindən ayrıca təsdiqlənməli olacaq.

Hazırda Aİ-nin bu siyahısında Şimali Koreya, İran və Əfqanıstan kimi ölkələr də yer alır. Qeyd edək ki, Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) hələ 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı fonunda ölkənin üzvlüyünü dayandırsa da, onu rəsmi “qara” və ya “boz” siyahılara daxil etməmişdi. Bununla belə, beynəlxalq səviyyədə FATF-in Rusiyanı bu siyahılara salması ilə bağlı çağırışlar dəfələrlə səsləndirilmişdi.

Rusiyanın Aİ-nin “qara siyahı”sına daxil edilməsinə qarşı çıxan ölkələr sırasında təkcə Hindistan deyil, eyni zamanda BRİKS üzvləri olan Braziliya, Çin və Cənubi Afrika da yer alıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu, Aİ ilə münasibətlərin bütün tarixi ərzində Rusiyanın ilk dəfə belə bir siyahıya salınmasıdır. Ukraynaya qarşı müharibədən sonra tətbiq edilən sanksiyalara baxmayaraq, indiyədək Rusiyanın bəzi strateji sahələri fəaliyyətini davam etdirirdi. Xüsusilə neft-qaz sektoru və bir sıra banklar – o cümlədən “Raiffeisenbank”, “Qazprombank” və “Rosselxozbank” Avropa maliyyə sistemi ilə, o cümlədən avro ilə müxbir hesablar vasitəsilə əməliyyatlar apara bilirdi.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti yüksək riskli ölkələr siyahısından Birləşmiş Ərəb Əmirliklərini və Cəbəllütariqi çıxarmışdı.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью