Avropa İttifaqı Serbiyanın yeni hökumətini dəstəkləməyə hazırdır

27.10.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Marta Kos: “İslahatlar Serbiyanı Avropa İttifaqına daha da yaxınlaşdıra bilər”

Genişlənmə üzrə Avropa Komissarı Marta Kos Serbiyada seçkilərdə qalib gələn “Tələbə Siyahısı” seçki blokunun rəhbəri İlija Srdanoviç ilə danışıqlar aparıb. Müzakirə zamanı ölkənin Avropaya inteqrasiyası da gündəmdə olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kos özünün “X” hesabında yazıb.

Komissar hesab edir ki, “seçkilər zamanı blok tərəfindən elan edilən qarşıdan gələn islahatlar Serbiyanı Avropa İttifaqına daha da yaxınlaşdıra bilər”.

Marta Kos yazıb: "Serbiya xalqı dəyişiklik üçün güclü bir mandat verib. Onların qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və azad media tələbləri Serbiyanı Aİ-yə yaxınlaşdıra biləcək islahatlardır. Biz Serbiyanın yeni hökumətini Avropa kursu ilə irəliləyərsə, dəstəkləməyə hazırıq".

Qeyd edək ki, Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində “Tələbə Siyahısı” üstünlük qazanıb. İlija Srdanoviç “Tələbə Siyahısı”ndakı ilk namizəddir. Onun ölkənin Baş naziri olacağı gözlənilir.

Xatırladaq ki, Serbiya Aİ-yə rəsmi namizəd statusunu 1 mart 2012-ci ildə alıb və üzvlük danışıqları rəsmi olaraq 21 yanvar 2014-cü ildə başlayıb. Sonradan ölkənin siyasi kursu Avropaya inteqrasiyanın dayandırılmasına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью