Avropa İttifaqının Azərbaycana marağının hüdudları

06.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Brüsselin Cənubi Qafqaz strategiyası nə vəd edir?

Finlandiya prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) gələcəkdə daha da genişlənə biləcəyini bildirib. O, bu kontekstdə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin adını çəkib. Stubb həmin fikirləri Brügge şəhərində Avropa Kollecində yeni tədris ilinin açılış mərasimində çıxışında səsləndirib. 30 ildən sonra Avropa İttifaqını necə gördüyü barədə danışan Finlandiya prezidenti quruma üzv dövlətlərin sayının təxminən 40-a çata biləcəyini deyib. Onun sözlərinə görə, Qərbi Balkan ölkələrinin, Ukraynanın, Moldovanın, eləcə də İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanın Aİ-yə üzv olmasını arzulayır. Stubb, həmçinin Aİ-nin genişlənməsini qurumun ən mühüm xarici siyasət istiqaməti adlandırıb. Onun fikrincə, qarşıdakı onilliklərdə Aİ həm inteqrasiyanı dərinləşdirəcək, həm də üzvlərinin sayını artıracaq.

Ümumiyyətlə, Aİ-nin gələcəyinə dair müzakirələrdə Cənubi Qafqazın adının çəkilməsi dəyişən beynəlxalq münasibətlər sistemi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı axtarışları, nəqliyyat marşrutlarının yenidən formalaşması və böyük güclər arasında artan rəqabətlə bağlıdır. Uzun müddət Avropa siyasətinin periferiyasında qəbul edilən Cənubi Qafqaz indi qitənin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarının kəsişdiyi ərazilərdən birinə çevrilib.

Əsas məsələ Avropanın gələcək siyasi xəritəsi müzakirə olunarkən Cənubi Qafqazın da nəzərə alınmasıdır. Çünki Aİ üçün regionun əhəmiyyəti artıq qonşuluq siyasətinin əhatə etdiyi ərazidən daha böyükdür. Başqa sözlə desək, enerji təchizatından tutmuş beynəlxalq ticarətə, Şərq-Qərb nəqliyyat əlaqələrindən regional təhlükəsizliyə qədər uzanan maraqlar mövcuddur. Azərbaycanın mövqeyi isə bu maraqların əhəmiyyətli hissəsinin reallaşmasında xüsusi yer tutur.

“Soyuq müharibə”dən sonra Mərkəzi və Şərqi Avropa ölkələrinin Aİ-yə inteqrasiyası Avropanın bölünmüş siyasi məkanını aradan qaldırmaq məqsədi daşıyırdı. Sonrakı mərhələlərdə isə Balkanların sabitləşdirilməsi, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropanın şərq sərhədlərində təhlükəsizlik boşluğunun yaranmasının qarşısının alınması və Avropa institutlarının təsir dairəsinin genişləndirilməsi ön plana çıxıb.

Ona görə də bu gün genişlənmə məsələsinin yenidən aktuallaşması təsadüf deyil. Çünki Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik sisteminin nə qədər həssas olduğunu üzə çıxardı. Aİ anladı ki, qitənin şərqindəki siyasi qeyri-sabitlik, xarici müdaxilələr və həll olunmamış münaqişələr birbaşa onun öz təhlükəsizliyinə təsir göstərir. Elə bu kontekstdə əvvəlki yazılarımızda qeyd etmişdik ki, Ukrayna və Moldovanın inteqrasiyası Cənubi Qafqaz üçün də müəyyən mənada keçərlidir. Region Avropa ilə Asiya arasında yerləşməklə yanaşı, Qara dəniz hövzəsi, Xəzər dənizi və Mərkəzi Asiyanı birləşdirən mühüm coğrafi halqadır.

Aİ-nin burada mövqelərini gücləndirməsi ona yeni iqtisadi imkanlar qazandırmaqla beynəlxalq ticarət və enerji marşrutlarının şaxələndirilməsində daha fəal rol oynamağa şərait yaradır. Yəni Brüsselin Cənubi Qafqaza marağını, sadəcə, Avropanın genişlənmək istəyi ilə izah etmək düzgün deyil. Daha fundamental məsələ qurumun dəyişən dünya nizamında öz strateji mövqeyini qorumaq və gücləndirmək cəhdidir. ABŞ, Çin, Rusiya və Türkiyənin müxtəlif səviyyələrdə maraq göstərdiyi regionda Avropa təsir imkanlarını itirmək istəmir. Xüsusilə Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, Xəzər hövzəsinin enerji və logistika potensialının istifadəsi regiona marağı daha da artırır.

Avropa İttifaqının 2025-ci ilin mayında açıqladığı Qara dəniz regionuna dair strateji yanaşma da bu istiqamətdə diqqət çəkir. Sənəddə region ölkələri ilə əlaqələrin nəqliyyat və digər bağlantılar vasitəsilə gücləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Avropanın Qara dəniz hövzəsində mövqelərinin möhkəmləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Cənubi Qafqaz ölkələrinin sözügedən yanaşmaya daxil edilməsi göstərir ki, Brüssel regionu daha geniş Avropa-Asiya əlaqələrinin ayrılmaz hissəsi kimi nəzərdən keçirir.

Göründüyü kimi, Aİ təkcə siyasi bəyanatlarla kifayətlənmək niyyətində deyil, regionda infrastruktur layihələri, investisiyalar, enerji əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafı vasitəsilə uzunmüddətli mövcudluq formalaşdırmağa çalışır. Belə bir şəraitdə Azərbaycanın əhəmiyyəti digər regional aktorlarla müqayisədə daha aydın görünür. Çünki Bakı Avropanın maraq göstərdiyi bir neçə əsas istiqamətin eyni vaxtda kəsişdiyi nöqtədə yerləşir. Azərbaycanın Cənubi Qafqazda mövqeyini fərqləndirən başlıca amillərdən biri onun enerji resursları və bu sərvəti beynəlxalq bazarlara çatdırmaq imkanlarıdır.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı

Finlandiya prezidenti Aleksandr Stubbun Avropa İttifaqının (Aİ) gələcəyi ilə bağlı aşırı optimizminə həsəd aparmaq olar. Doğrusu, Aİ-nin mövcud geosiyasi mövqeyi, üzv ölkələr arasındakı ziddiyyətli münasibətlər, həmçinin təsisatın aparıcı ölkələrində yaşanan siyasi, ideoloji, sosial, iqtisadi böhran optimizm üçün əsas vermir. Nəinki 30 il sonra, hətta 5-6 illik bir perspektivdə belə Aİ ilə bağlı ürəkaçan proqnozlar vermək mümkün deyil. Əksini iddia etmək üçün isə çoxsaylı faktoloji əsaslar var.

Əslində, Avropa İttifaqının “ideoloji atası” və qurucu dövlətlərindən olan Böyük Britaniyanın qurumu tərk etməsindən sonra bu ittifaqın uzunmüddətli perspektivinə ümid bəsləyənlərin sayı bir o qədər də çox deyil. Hazırda Aİ-də yaşanan böhran, ilk növbədə, liberal-mərkəzçi konsensusun eroziyası, hakimiyyətin mərkəzsizləşməsi və ittifaqın qlobal rəqabət qabiliyyətinin aşağı düşməsi ilə səciyyələnən, Avropa inteqrasiya modelinin sistemli fraqmentasiyası prosesidir. İdeoloji müstəvidə biz, ilk növbədə, ənənəvi sağ və sol mərkəzçi koalisiyanın öz legitimliyini itirdiyini müşahidə edirik. Onu daha çox federallaşma tərəfdarları ilə "Millətlər Avropası"nı müdafiə edən "suverenizm" tərəfdarları arasındakı qütbləşmə əvəz edir.

Bu ziddiyyətləri dəyərlərin münaqişəsi adlandırmaq mümkündür. Aİ institutlarının postmodern gündəliyi ilə elektoratın əhəmiyyətli bir hissəsinin iqtisadi təhlükəsizlik və kimliyin qorunub saxlanılması ilə bağlı mühafizəkar tələbləri arasındakı uçurum getdikcə artır. Digər bir problerm siyasi və institusional disfunksiyalarla bağlıdır. Britaniyanın Aİ-ni tərk etməsindən sonra biz Fransa-Almaniya tandeminin liderlik böhranı yaşadığını müşahidə edirik.

Bütün bunlar və sadalamadığım digər məqamlar Finlandiya prezidentinin Aİ ilə bağlı optimizt proqnozlarını şübhə altına almağa zəmin yaradır. Digər tərəfdən, Azərbaycanın gündəliyində Aİ-yə üzvlük heç zaman dayanmayıb və mövcud reallıqlar, dövlətlimizin milli hədəfləri nəzərə alınarsa, bundan sonra da dayanması inandırıcı görünmür.

Çoxqütblü dünya düzəni Azərbaycan kimi daxili eksklüzivliyini qoruyan və xarici qeyri-müdaxiləyə imkan verməyən, milli hədəfləri olan və bu hədəflər uğrunda vətəndaş həmrəyliyinə, vahid milli konsensusa nail olmuş ölkələr üçün daha geniş imkanlar açır. Yeni dünya düzənində Azərbaycanın iştirakı və istiqamətləndirici gücü ilə Avropa İttifaqından daha üstün perspektivə malik olan təsisatların formalaşa biləcəyi, hətta bəzi Avropa ölkələrinin bu təsisatlara can ata biləcəyi ehtimalını da kənara qoymaq olmaz. Hazırda Cənubi Qafqaz-Mərkəzi Asiya oxunda yaşanan hərəkətlilik də bunu təsdiqləyir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью