Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi qüvvəyə mindikdən sonra Avropa İttifaqının mülki müşahidə missiyasına ehtiyac qalmayacaq.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən Aİ-nin mülki müşahidə missiyasının (EUMA) rəhbəri Markus Ritter deyib.
Ritter bildirib ki, onun rəhbərlik etdiyi missiyanın əsas məqsədi tərəflər arasında gərginliyin azaldılmasına və sərhəddə sabitliyin təmin olunmasına töhfə verməkdir. Onun sözlərinə görə, davamlı sülh əldə edildikdən sonra bu cür mexanizmlərə ehtiyac aradan qalxacaq.
Missiya rəhbəri həmçinin vurğulayıb ki, 2025-ci ilin avqustunda imzalanan Vaşinqton razılaşmalarından sonra Ermənistan–Azərbaycan sərhədində heç bir insident qeydə alınmayıb. Bu faktı müsbət göstərici kimi dəyərləndirən Ritter regionda sülh prosesinin irəlilədiyini qeyd edib.
Qeyd edək ki, Markus Ritter yaxın günlərdə Ermənistandakı fəaliyyətini başa vuracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az