Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda 5-ci tur başa çatıb. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, kişi şahmatçıların yarışında təmsilçimiz “Vüqar Həşimov” komandası 5-ci turda Slovakiyanın “Slaviya” klubuna 2,5:3,5 hesabı ilə uduzub. Hazırda “Vüqar Həşimov” klubunun aktivində 6 xal və 22-ci pillədə qərarlaşıb.
Qadın şahmatçıların yarışında çıxış edən “Odlar Yurdu” Serbiyanın “Srvena Zvezda” klubunu 3:1 hesabı ilə məğlub edib. 5 turdan sonra hesabında 8 xalı olan “Odlar Yurdu” turnir cədvəlində 2-3-cü yerləri bölüşür.
Qeyd edək ki, 4-cü turda “Vüqar Həşimov” klubunun heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.
Dünən Avropa Kubokunda 6-cı turun partiyaları oynanılıb. “Vüqar Həşimov” Almaniyanın “FC St.Pauli 1910”, “Odlar Yurdu” isə Lüksemburqun “Gambit Bonnevoie” klubu ilə mübarizə aparıb.
Avropa Kubokuna bu gün yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ