Icma.az bildirir, Azertag portalına istinadən.
Berlin, 3 fevral, AZƏRTAC
Avropa Komissiyası Çinin “Goldwind” şirkətinin Avropa İttifaqının (Aİ) külək enerjisi sektorunda fəaliyyəti ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.
AZƏRTAC xəbər verir ki, araşdırmanın məqsədi şirkətin Aİ-də külək turbinlərinin istehsalı və satışı, həmçinin müvafiq xidmətlərin göstərilməsi sahəsindəki fəaliyyətinin qiymətləndirilməsi, “Goldwind”in xarici subsidiyalar alıb-almadığını və bu yolla Aİ-nin daxili bazarında rəqabət qaydalarını təhrif edib-etmədiyini müəyyənləşdirməkdir. Avropa Komissiyası bu maliyyə üstünlüklərinin külək turbinləri və müvafiq xidmət bazarında ədalətli rəqabətə mənfi təsir göstərib-göstərmədiyini qiymətləndirmək istəyir.
Komissiya 2024-cü ilin aprelində Aİ-nin külək enerjisi sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərə, o cümlədən “Goldwind”ə sorğular göndərib. İlkin araşdırmanın nəticələrinə əsasən, komissiya “Goldwind”in daxili bazarı təhrif edən xarici subsidiyalar almış ola biləcəyinə dair əlamətlər müəyyən edib. Bu subsidiyaların “Goldwind”in daxili bazardakı rəqabət mövqeyini gücləndirə və Aİ-də külək turbinlərinin və aidiyyəti xidmətlərin tədarükü sahəsində rəqabətə mənfi təsir göstərə biləcəyi ehtimalı yarandığından hərtərəfli araşdırmalara başlanılıb.
Mərkəzi ofisi Çində yerləşən “Goldwind” şirkəti əsasən külək turbinlərinin istehsalı, elmi-tədqiqat və inkişaf, satış və servis sahələrində fəaliyyət göstərir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin