Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını böyük ölçüdə artırıb.
MArja xəbər verir ki, hazırda LNG tələbatının təxminən 59 faizini ABŞ hesabına qarşılayan Avropa, aprel ayında bu göstəricini 64 faizədək yüksəldib. İlin sonrakı aylarında bu payın daha da artacağı gözlənilir.
Avropalı rəsmilər ABŞ LNG-sindən artan asılılıqdan narahatdırlar. Avropa İttifaqının rəqabət və enerji məsələləri üzrə rəsmiləri bir asılılığın başqa bir asılılıqla əvəzlənməsi riskinə diqqət çəkərək, tədarük mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayırlar.
Hörmüz boğazının bağlanması Qətər və BƏƏ-dən tədarükü məhdudlaşdırdığı üçün bu artım daha da sürətlənib. Qış mövsümü öncəsi qaz anbarlarının doldurulması zərurəti səbəbindən ABŞ qazına tələbin daha da artacağı gözlənilir.
2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropanın ABŞ LNG-sindən asılılığı sürətlə artıb.
Böyük əmtəə bazarlarında tək bir mənbədən 30–40 faizdən çox asılılıq nadir hal hesab olunur. 60 faizdən yuxarı göstərici isə olduqca istisnai vəziyyətdir. Bu səviyyədə asılılıq adətən yalnız nadir metallar kimi xüsusi bazarlarda müşahidə edilir.
Avropalı rəsmilər uzun müddətdir ABŞ LNG-si ilə bağlı narahatlıqlarını qapalı şəkildə dilə gətirirdilər. Bu müzakirələr İsrail və ABŞ-ın İrana qarşı hücumlarından əvvəl ictimaiyyətə də yansımaya başlamışdı. Avropa İttifaqının rəqabət məsələləri üzrə rəsmisi Teresa Ribera “Rusiya qazına güvənə bilmərik, lakin ABŞ qazından da həddindən artıq asılı vəziyyətə düşməməliyik” demişdi. Avropa İttifaqının enerji komissarı Dan Jorgensen isə “Bir asılılığı başqa bir asılılıqla əvəzləmək riski ilə üz-üzəyik” ifadələrini işlətmişdi.