Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində son turun oyununda İngiltərənin “Liverpul” klubu doğma meydanda “Qarabağ” komandasını qəbul edəcək.
Bu qarşılaşma Avropa mediasında ən çox diqqət çəkən oyunlardan biridir. Səbəb isə sadədir – “Qarabağ”. Hansı ki, 38 dəfə Portuqaliya çempionu olmuş “Benfika” kimi güclü komandaya qələbə çalıb, İngiltərə nəhəngi “Çelsi”dən xal qoparıb, hakim səhvlərinə baxmayaraq “Ayntraxt”ı son saniyələrdə vurduğu qolla çökdürüb.
“Liverpul”da isə vəziyyət o qədər də yaxşı deyil. Komanda qarşılaşmaya Premyer Liqada “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra çıxacaq. “Liverpul” Çempionlar Liqasında “Marsel” üzərində 3:0 hesablı səfər qələbəsi qazanaraq ilk səkkizliyə düşmək yolunda böyük üstünlük əldə etmişdi. “Qarabağ”la qarşılaşma da böyük əhəmiyyət daşıyır. Çünki qələbə İngiltərə klubuna ilk səkkizliyə düşməyi təmin edə bilər. Heç-heçə isə “Liverpul”u digər oyunların nəticələrindən asılı vəziyyətə salacaq.
Amma komandanın bu yolda çətinliyi var - müdafiə və hücumdakı zədələr: Co Qomez, Konor Bredli, Covanni Leoni, Federiko Kyeza, Aleksander İsak. Və İbrahima Konatenin ailəvi məsələlərə komandadan uzaq qalması.
“Qarabağ” isə bu mövsüm Çempionlar Liqasında sadəcə iştirakçı rolunda deyil. Ağdam təmsilçisi turnir cədvəlində 18-ci pillədə yer alır və müsbət nəticə əldə edəcəyi təqdirdə pley-off mərhələsinə yüksələ bilər ki, bu da klub tarixində möhtəşəm uğur sayılacaq. Komandamız “Ayntraxt” üzərində son dəqiqə qələbəsi ilə bu iddiasını qoruyub.
Qurban Qurbanov ölkə çempionatında “Kəpəz”ə qarşı son oyunda komandanın əsas heyətinin gücünü qorudu və mümkün zədədən yayındırdı. “Ayntraxt”a qarşı oynayan heyət oyunçularından sadəcə beş nəfər əvəzetmə ilə meydana daxil oldu. 62-ci dəqiqədə Elvin Cəfərquliyev, Marko Yankoviç, Leandro Andrade və Kamilo Duran meydana daxil olub, 82-ci dəqiqədə isə Pedro Bikalyo Addaini əvəzləyib.
Komandada zədəli oyunçu yoxdur. “Kəpəz”lə oyunda Bədavi Hüseynov zədələnsə də, sonradan klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında Bədavi ilə bağlı ciddi problemin yaşanmadığını, həkimlərin hər şeyin qaydasında olduğunu deyib.
Bugünlərdə Avropa mediası “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranın son turda vurduğu iki qola da diqqət yönəldir və “Liverpul”un yuxarıda qeyd etdiyimiz zədəli hücumçuları səbəbindən əziyyət çəkəcəyini yazırlar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.