Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Niderland Mərkəzi Bankı ölkənin Nyu-York və Ottavada saxlanılan qızıl ehtiyatlarının bir hissəsini Londona köçürüb.
Məlumata görə, 86 ton qızıl Londona transfer edilib. Bundan sonra Niderlandın təxminən 75 milyard avro dəyərində olan ümumi qızıl ehtiyatlarının yalnız 18,5 faizi ABŞ-da saxlanılır.
Mərkəzi Bank qərarı London qızıl bazarının daha çevik olması və artan geosiyasi qeyri-sabitliklə izah edib.
Bu addım Almaniyada da qızıl ehtiyatlarının ölkəyə qaytarılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hazırda Federal Ehtiyat Sisteminin Nyu-Yorkdakı anbarında Almaniyaya məxsus 1236 ton qızıl saxlanılır. Onun dəyərinin təxminən 152 milyard avro olduğu bildirilir.
Almaniya Vergi Ödəyiciləri Birliyi qızılın ölkəyə qaytarılmasını tələb edib.
Təşkilatın vitse-prezidenti Mixael Egerin sözlərinə görə, “Niderland sübut etdi ki, istək varsa, imkan da var”.
Qeyd olunur ki, Almaniya daha əvvəl Nyu-Yorkdan 300 ton qızıl geri qaytarıb. Fransa isə ABŞ-da saxlanılan 129 tonluq ehtiyatını sataraq Avropada eyni həcmdə qızıl alıb.
Niderland da oxşar üsuldan istifadə edib. 86 tonun təxminən 59 tonu ABŞ-da satılaraq Avropada yenidən alınıb, Atlantik okeanı üzərindən fiziki olaraq isə yalnız təxminən 27 ton qızıl daşınıb.
S.ELAY
XQ