Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıya qarşı “qətnamə” diplomatiyası
Avropa Parlamentinin Azərbaycana münasibətdə sərgilədiyi mövqe Bakı ilə Brüssel arasında siyasi fikir ayrılıqları yaradıb. Qurum bu dəfə ölkəmizdə insan hüquqları və azadlıqları məsələsinə dair qərəzli qətnamə qəbul edib. Azərbaycan parlamenti isə qətnaməni obyektivlikdən uzaq, qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlara əsaslandığı bildirilən ittihamları qətiyyətlə rədd edib. Bununla da Bakı Avropa Parlamentinə münasibətdə mövqeyini bir daha aydın göstərib.
Azərbaycanın daxili siyasi prosesləri və hüquq sistemi ilə bağlı məsələlər birtərəfli siyasi təzyiqin alətinə çevrilməməli, dövlətin suverenliyi və beynəlxalq hüquq çərçivəsində müəyyən edilmiş səlahiyyətləri nəzərə alınmalıdır. Məsələnin dərininə endikdə görmək mümkündür ki, Avropa Parlamentinin son illərdə qəbul etdiyi sənədlərdə ölkəmizin suveren hüquqları, ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni vəziyyət və regionun təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər lazımi şəkildə nəzərə alınmır. Milli Məclisin bəyanatında da xüsusilə vurğulanır ki, İkinci Qarabağ müharibəsindən sonra təşkilatın Azərbaycana münasibətdə siyasi xətti daha qarşıdurma xarakteri alıb. Belə bir yanaşmanın davam etməsi isə rəsmi Bakı tərəfindən beynəlxalq münasibətlərdə obyektivlik və qarşılıqlı hörmət prinsiplərinə zidd addım kimi qiymətləndirilir.
Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin hazırkı vəziyyətini təhlil etmək üçün 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış geosiyasi mənzərəyə nəzər salmaq lazımdır. İkinci Qarabağ müharibəsi regionda onilliklər ərzində formalaşmış hərbi-siyasi vəziyyəti dəyişdirdi. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə etdi. Bu nəticə beynəlxalq hüquqda təsbit edilmiş ərazi bütövlüyü prinsipinin praktiki reallaşması idi. Lakin müharibədən sonrakı dövrdə beynəlxalq siyasi müzakirələrin istiqaməti Azərbaycanın gözləntiləri ilə hər zaman üst-üstə düşmədi. Avropa Parlamentinin Qarabağ məsələsinə dair qəbul etdiyi sənədlərdə ölkəmizin addımları ilə bağlı sərt qiymətləndirmələrə geniş yer verildi. Məsələn, 2023-cü il oktyabrın 5-də qəbul edilmiş qətnamədə Qarabağda baş vermiş hadisələr və Ermənistanla bağlı təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları sırasında yer aldı. 2024-cü ilin oktyabrında isə Avropa Parlamenti Azərbaycan, insan hüquqları və Ermənistanla münasibətlərə dair yeni qətnamə qəbul etdi. Halbuki bu sənədlərdə heç də reallıq əks etdirilməmişdi. Elə ölkəmizin narazılığının əsas səbəblərindən biri məhz həmin sənədlərdə regional hadisələrin təqdim edilmə formasıdır. Rəsmi Bakı hesab edir ki, keçmiş Qarabağ münaqişəsinin tarixi başlanğıcı, Azərbaycanın ərazilərinin uzun müddət işğal altında qalması, məcburi köçkünlərin yaşadığı problemlər və beynəlxalq vasitəçilik səylərinin nəticəsizliyi nəzərə alınmadan verilən siyasi qiymətləndirmələr bütöv mənzərəni əks etdirmir.
Ümumən, beynəlxalq münasibətlərdə hərbi münaqişənin nəticələrinin qiymətləndirilməsi ilə dövlətin suverenliyinin tanınması məsələləri bir-birindən ayrı tutulmamalıdır. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması ölkənin öz ərazisində konstitusion hakimiyyətini bərpa etmək hüququnun əsasını təşkil edir. Bu hüquqla münaqişədən sonra ortaya çıxan humanitar məsələlərin araşdırılması isə fərqli hüquqi müstəvilərdir. Bakı üçün əsas narazılıq həmin müstəvilərin bəzən bir-birinə qarışdırılması, nəticədə, Azərbaycanın suveren hüquqlarının siyasi müzakirələrdə ikinci plana keçirilməsidir. Halbuki münaqişədən sonra regionda yaranmış problemlərin yalnız bir tərəfin mövqeyindən qiymətləndirilməsi də davamlı sülhün formalaşmasına xidmət etmir. Beynəlxalq hüququn prinsipləri həm ərazi bütövlüyünü, həm də insan hüquqlarının müdafiəsini əhatə edir. Azərbaycan üçün əhəmiyyətli olan məsələ sözügedən prinsiplərin selektiv əvəzinə eyni meyarlarla tətbiq edilməsidir. Ölkəmiz beynəlxalq institutların qərar və bəyanatlarında tarixi kontekstin, qarşılıqlı öhdəliklərin və regional təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edir.
Avropa Parlamentinin Azərbaycana qarşı sərt siyasi ritorikası, ilk növbədə, qarşılıqlı etimad mühitinə təsir göstərir. Beynəlxalq münasibətlərdə etimadın zəifləməsi tərəflərin bir-birinin niyyətlərini daha çox şübhə ilə qiymətləndirməsinə səbəb olur. Bu halda hətta əməkdaşlıq üçün əlverişli imkanlar da siyasi mübahisələrin kölgəsində qala bilər. Nəzərə alınmalıdır ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər insan hüquqları mövzusu ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ticarət və regional sabitlik tərəflərin qarşılıqlı maraqlarını birləşdirən istiqamətlərdir. Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində rolu və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarındakı mövqeyi ölkəni regional əməkdaşlıq baxımından əhəmiyyətli tərəfdaşa çevirir. Reallıqlar fonunda siyasi dialoqun davamlı şəkildə qarşıdurma ritorikası ilə əvəzlənməsi münasibətlərin digər sahələrinə də mənfi təsir göstərə bilər. Belə ki, əgər tərəflərdən biri digərinin bütün siyasi addımlarını əvvəlcədən mənfi qiymətləndirməyə meyil göstərirsə, əməkdaşlıq üçün ortaq zəmin daralır.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli məsələ ilə bağlı XQ-yə bildirib ki, Avropa Parlamentində əsas problemlərdən biri lobbiçiliyin şəffaflığı, maraqların toqquşması, maliyyə əlaqələrinin açıqlığı və siyasi qərarların hansısa təsirlər altında qəbul olunması ilə bağlıdır: “Avropa İttifaqının özünün bu sahədəki sənədləri də mövcud problemləri təsdiqləyir. Avropa Auditorlar Məhkəməsinin 2024-cü ildə dərc etdiyi xüsusi hesabatda Aİ-nin Şəffaflıq Reyestrinin lobbiçilik fəaliyyəti barədə müəyyən faydalı məlumatlar təqdim etdiyi, lakin mövcud boşluqların və çatışmazlıqların siyasi qərarların qəbuluna təsirlərin tam şəffaflığını təmin etməyə mane olduğu bildirilib. Hesabatda reyestrin gücləndirilməsi və lobbiçilərlə planlaşdırılmamış görüşlər barədə məlumatların dərc edilməsi tövsiyə olunub. Bu fakt əhəmiyyətlidir. Çünki söhbət Avropa İttifaqının öz audit qurumunun müəyyən etdiyi institusional çatışmazlıqlardan gedir.
Burada başqa bir problem də var. Avropa İttifaqının 2025-ci ildə üçüncü ölkələrin maraqlarını təmsil edən lobbiçilik fəaliyyətinin şəffaflığı ilə bağlı irəli sürdüyü təşəbbüslərin müzakirəsi zamanı Aİ institutlarının özləri də xarici təsir risklərinin və maraqların təmsil olunması ilə bağlı məlumatların açıqlanmasının əhəmiyyətini etiraf ediblər. Avropa Parlamentinin müvafiq komitəsində müzakirə olunan təşəbbüsdə üzv dövlətlər arasında lobbiçilik fəaliyyətinin tənzimlənməsi sahəsində fərqlərin mövcudluğu da qeyd olunub. Belə olan halda, haqlı və cavab gözləyən bir sual yaranır: əgər siyasi qərarlara təsir göstərən maraq qruplarının fəaliyyəti şəffaflıq baxımından Avropanın özündə də problem olaraq qalırsa, başqa dövlətlərə münasibətdə qəbul edilən siyasi sənədlərin hazırlanmasında maraqların necə və hansı formada rol oynadığı necə yoxlanılır?”
Deputat “Amnesty International” təşkilatının 2024-cü il iyulun 8-də dərc etdiyi, Avropanın 21 ölkəsini əhatə edən hesabatını xatırladaraq bildirib ki, burada dinc etiraz hüququnun məhdudlaşdırılması ilə bağlı geniş yayılmış problemlər göstərilib: “Hesabatda etirazçıların mənfi, neqativ ifadələrlə “damğalanması”, hədsiz və ya zəruri olmayan polis gücündən istifadə, özbaşına həbslər, cinayət təqibi, ayrı-seçkilik xarakterli məhdudiyyətlər və qanunsuz müdaxiləedici müşahidə texnologiyalarının tətbiqi barədə faktlar yer alıb. Sənəddə Fransa, Almaniya, Yunanıstan və İspaniya da daxil olmaqla bir sıra ölkələrdə polis müdaxilələri zamanı insanların ciddi, bəzi hallarda isə daimi xəsarətlər alması barədə məlumatlar təqdim olunub. Təşkilat, həmçinin bir sıra Avropa ölkələrində hüquq-mühafizə orqanlarının hədsiz güc tətbiqinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı problemlərə diqqət çəkib. “Amnesty International” təşkilatının 2026-cı il iyunun 4-də dərc etdiyi hesabatda Fransa və digər ölkələrdə dinc etirazların polis tərəfindən idarə olunması zamanı qanunsuz güc tətbiqi, etirazçıların cəzalandırılmasına yönəlmiş yanaşmalar və məsuliyyətin təmin edilməsi ilə bağlı problemlər araşdırılıb. Hesabatın nəticələri göstərir ki, Avropa İttifaqına üzv ölkələrdə dinc toplaşmaq azadlığının qorunması ilə bağlı ciddi problemlər var”.
Politoloq Züriyyə Qarayeva isə hesab edir ki, son illərdə ölkəmizlə bağlı qəbul edilən qətnamələrdə sanksiya çağırışlarının, insan hüquqları və daxili siyasi proseslərlə bağlı tələblərin yer alması Bakıda siyasi təzyiq cəhdi kimi qiymətləndirilir: “Azərbaycanın əsas etirazlarından biri də Ermənistanın işğalı dövründə yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarına eyni həssaslığın göstərilməməsidir. Milli Məclisin son bəyanatında da məhz sözügedən məsələlər qabardılaraq Avropa Parlamentinin yanaşmasına etiraz ifadə olunub. Hesab edirəm ki, burada əsas müzakirə mövzusu insan hüquqlarının müdafiəsi ilə siyasi münasibətlər arasındakı sərhəddir. İnsan hüquqları universal prinsipdir və bütün dövlətlərə münasibətdə eyni meyarlarla qiymətləndirilməlidir. Avropa Parlamentinin Azərbaycandakı məhkəmə prosesləri və siyasi azadlıqlarla bağlı irəli sürdüyü tələblər də konkret hüquqi faktlar əsasında araşdırılmalı, ölkəmizin mövqeyi də nəzərə alınmalıdır”.
Politoloq, eyni zamanda vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış yeni reallıqların Avropa institutları ilə münasibətlərə təsirini görməmək mümkün deyil: “Bu baxımdan, qarşılıqlı ittihamların davam etdirilməsi əvəzinə, hüquqi əsaslandırmaya, bərabərhüquqlu dialoqa və qarşılıqlı hörmətə üstünlük verilməsi daha məqsədəuyğundur. Azərbaycanın suverenliyi ilə bağlı məsələlərə hörmət göstərilməsi və insan hüquqlarına dair narahatlıqların obyektiv araşdırılması bir-birini istisna edən yanaşmalar deyil”.
Nəzrin ELDARQIZI
XQ