Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə danışıqlar prosesində təşəbbüsü öz üzərinə götürməli olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Makron Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində danışıb.
“Biz, avropalılar, Rusiya ilə danışıqlarda təşəbbüsü öz üzərimizə götürməliyik. Danışıqların formatı da məhz bundan sonra müəyyənləşəcək”, – deyə Fransa lideri vurğulayıb.
Makron əlavə edib ki, Rusiya ilə təmaslara başlamazdan əvvəl Avropa Ukrayna ilə bağlı sülh planının nədən ibarət olduğunu və regionda gələcək təhlükəsizlik arxitekturasının necə formalaşmalı olduğunu dəqiq müəyyənləşdirməlidir.
Avropanın Ukrayna məsələsi üzrə danışıqlarında təmsilçi olmağa hazır olub-olmadığı barədə suala cavabında Makron bu məsələlərlə məşğul olmağa hər zaman hazır olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Pyotr Tolstoy Avropa ilə Rusiya arasında münasibətlərin bərpası üçün Avropa ölkələrinin üzr istəməli olduğunu söyləyib. Onun sözlərinə görə, münasibətlərin pozulmasına Avropa ölkələri təşəbbüs göstərib və onların bərpasını istəyirlərsə, ilk addımı da özləri atmalıdırlar.