Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı (Aİ) 2027-ci ildən etibarən Rusiyadan enerji resurslarının idxalına dair sərt məhdudiyyətlər tətbiq edəcək. Aİ Şurasının yaydığı bəyanata əsasən, 2027-ci ilin əvvəlindən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG), 30 sentyabr 2027-ci ildən isə boru kəmərləri ilə nəql olunan qazın Avropa İttifaqına idxalı tam qadağan olunacaq.
Bildirilib ki, bu tarixlərə qədər mövcud müqavilələr üzrə nəzərdə tutulan keçid dövrü başa çatacaq. Ümumilikdə isə Rusiya qazının Aİ-yə tədarükünə qadağa müvafiq qərar qüvvəyə mindikdən altı həftə sonra, yəni sənədin Avropa İttifaqının rəsmi jurnalında dərc edildiyi gündən sonrakı gün tətbiq olunmağa başlayacaq.
Aİ Şurasının mətbuat açıqlamasında qeyd olunur ki, bu qərar REPowerEU strategiyasının əsas mərhələlərindən biridir və Avropa İttifaqının Rusiya enerji resurslarından asılılığının tam aradan qaldırılmasına xidmət edir.
Yeni qaydalara əsasən, Aİ-yə üzv ölkələr qaz tədarükünə icazə verməzdən əvvəl onun mənşəyini yoxlamaq öhdəliyi daşıyacaqlar. Qadağanın pozulmasına görə ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Belə ki, fiziki şəxslər üçün ən azı 2,5 milyon avro, şirkətlər üçün isə minimum 40 milyon avro, yaxud illik dövriyyənin azı 3,5 faizi, alternativ olaraq isə sövdələşmə üzrə nəzərdə tutulan dövriyyənin 300 faizi həcmində cərimə tətbiq edilə bilər.
Eyni zamanda, bir və ya bir neçə Aİ ölkəsində fövqəladə vəziyyət və ya enerji təchizatı təhlükəsizliyinə ciddi təhdid yarandığı halda, Avropa Komissiyasına Rusiyadan qaz idxalına qoyulan qadağanı dörd həftəyə qədər müvəqqəti dayandırmaq səlahiyyəti verilir.
Qərara əsasən, Aİ-yə üzv dövlətlər 1 mart tarixinədək qaz idxalının diversifikasiyası üzrə milli planlar hazırlamalı və Rusiya tədarüklərinin əvəzlənməsi zamanı yarana biləcək riskləri qiymətləndirməlidirlər. Bu məqsədlə şirkətlər Rusiyadan qaz tədarükü ilə bağlı qalan bütün müqavilələr barədə milli hökumətləri və Avropa Komissiyasını məlumatlandırmağa borcludurlar.
Oxşar tələblər Rusiyadan hələ də neft idxal edən Aİ ölkələrinə də şamil olunacaq. Aİ Şurası bildirib ki, Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiyadan neft idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan ayrıca qərar təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra, 2022-ci ilin martında qəbul edilən Versal Bəyannaməsində Aİ liderləri Rusiya mənşəli qaz, neft və digər fosil yanacaqlardan mümkün qədər tez imtina etmək barədə razılığa gəlmişdilər.
Son illər Aİ-nin Rusiyadan enerji idxalı kəskin şəkildə azalıb. Sanksiyalar fonunda neft tədarükü 2025-ci ilə qədər 3 faizə düşsə də, Rusiya qazı hələ də Aİ idxalının təxminən 13 faizini təşkil edir. Bu, illik 15 milyard avrodan çox maliyyə axını deməkdir. Avropa İttifaqının qiymətləndirməsinə görə, bu vəziyyət ticarət və enerji təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
“AzPolitika.info”