Icma.az, Axar.az saytına istinadən bildirir.
Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh danışıqları çərçivəsində Avropanın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq təşəbbüsünü qəbul etməyiblər. Ukrayna Prezidenti Vladimir Zelenski isə müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, Rusiya və ABŞ artıq bu məsələni müzakirə edirlər.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner noyabrın 11-də Moskvada Vladimir Putinlə görüşüblər. Görüş bu həftənin əvvəlində Əbu-Dabidə keçirilən Ukrayna üzrə sülh danışıqlarından sonra baş tutub. Həmin danışıqlarda Rusiya nümayəndə heyəti Avropanın təhlükəsizlik mexanizmləri məsələsini gündəmə gətirsə də, Avropa rəsmiləri ilə görüşməkdən imtina edib.
Nəşrin həmsöhbətlərindən biri bu məsələnin Əbu-Dabidəki danışıqlarda müzakirə olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, tərəflər daha geniş Avropa təhlükəsizliyi mövzusunu müzakirə etsələr də, hələlik onun konkret məzmununa toxunmayıblar.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqlardan sonra Moskvanın İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını əvəz edəcək, “yeni Yalta və Potsdam” rolunu oynayacaq hərtərəfli Avropa təhlükəsizlik sistemi yaratmağa çalışdığını bildirib.
Nəşrin üç rəsmi mənbəsinin bildirdiyinə görə, Avropa paytaxtlarında narahatlıq artır. Belə ki, Avropa liderləri Ukrayna üzrə danışıqlar masasında yer almaq müqabilində qitənin daha geniş müdafiə və təhlükəsizlik məsələlərinin müzakirəsinə razılıq verməyə məcbur edilə biləcəklərindən ehtiyat edirlər. Onlar isə son beş il ərzində bu cür yanaşmanı qəbul etməkdən çəkiniblər.