Avropa Ukrayna danışıqlarından kənarda qalmaqdan NARAHATDIR

30.10.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlardan kənarda qalacaqlarından və qitənin təhlükəsizliyinə təsir edəcək qərarların onların iştirakı olmadan qəbul ediləcəyindən narahatdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa ölkələri danışıqlar prosesində iştirak əldə etməyin yolları ilə bağlı vahid mövqeyə malik deyil. Bu narahatlıqlar ABŞ Prezidenti Donald Trampın Kiyevə təzyiqi artırdığı və onu Moskva ilə razılığa gəlməyə təşviq etdiyi bir vaxtda daha da güclənib.

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlarından əvvəl Avropa hökumətləri öz təhlükəsizlikləri üçün ciddi nəticələr doğura biləcək qərarların onların iştirakı olmadan qəbul edilməsindən ehtiyat edirlər.

Qəzet qeyd edir ki, bu narahatlıqlar Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störeni Avropa İttifaqının əvvəlcədən razılığı olmadan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağa sövq edib. Bu addım digər Avropa müttəfiqlərinin tənqidinə səbəb olub.

Diplomatlar və rəsmilər hesab edirlər ki, Avropa ölkələrinin ayrı-ayrılıqda diplomatik təşəbbüslər göstərməsi və buna verilən reaksiyalar qitənin qarşılaşdığı əsas dilemmanı üzə çıxarır: Avropanın maraqlarını Vladimir Putinə və Donald Trampa ən effektiv şəkildə necə çatdırmaq olar?

Yüksək vəzifəli avropalı diplomat nəşrə açıqlamasında bildirib ki, nümayəndə seçimi müzakirə olunmazdan əvvəl Avropa danışıqlar masasında yer almalıdır. Onun sözlərinə görə, Putin Avropanı prosesə daxil etmək istəmir, Tramp ilə birbaşa danışaraq Ukrayna Prezidenti Volodimir Zelenskini çətin vəziyyətə salmağa çalışır.

Nəşrin məlumatına görə, dörd avropalı diplomat ABŞ və Ukraynanın Böyük Britaniya, Fransa və Almaniyanın daxil olduğu “E3” formatını danışıqlarda iştirak üçün ən real variant hesab etdiyini bildirib. Bununla belə, diplomatlar üç aparıcı Avropa ölkəsinin bütün qitəni təmsil etməsinin kiçik dövlətlər arasında narazılıq yarada biləcəyini də vurğulayıblar.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью