Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Avropa ölkələri Kiyevə dəstəyin gələcək istiqamətlərini müəyyənləşdirmək üçün diplomatik və siyasi təmaslarını intensivləşdirirlər. Berlin şəhərində keçirilən beynəlxalq görüş isə müharibənin gələcək taleyi, mümkün atəşkəs və Ukraynanın təhlükəsizlik təminatları ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Reuters agentliyinin məlumatına görə, Ukraynanın əsas Avropa müttəfiqləri Berlində bir araya gələrək Kiyevə dəstəyin davam etdirilməsi və ABŞ Prezidenti Donald Trampın Rusiya və Çin liderləri ilə gözlənilən müzakirələrinə Avropanın mümkün reaksiyasını əlaqələndirməyə çalışırlar.
Görüşdə Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliya liderləri, eləcə də NATO-nun baş katibi Mark Rütte iştirak edirlər. ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də toplantıya qatılması müzakirələrin beynəlxalq əhəmiyyətini artırır.
Agentliyin məlumatına əsasən, görüşün əsas istiqamətlərindən biri mümkün atəşkəsdən sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının hazırlanmasıdır. Avropa rəsmiləri bu təminatların hüquqi baxımdan möhkəm və etibarlı olmasının vacibliyini vurğulayırlar. Ukrayna Prezidenti Volodimir Zelenski isə danışıqlar prosesinin detalları və ABŞ, Rusiya, Çin arasında aparılan təmasların nəticələri barədə məlumat almağa ümid edir.
Müzakirələrin diqqətçəkən tərəflərindən biri Avropanın öz təhlükəsizlik arxitekturasında daha fəal rol oynamaq istəyidir. Avropa paytaxtlarında belə bir qənaət güclənir ki, qitənin gələcəyinə təsir edən qərarların qəbulunda Avropa ölkələrinin mövqeyi nəzərə alınmalıdır. Xüsusilə ABŞ və Avropa arasında Ukrayna məsələsinə yanaşmalarda müəyyən fərqlərin mövcudluğu bu görüşün əhəmiyyətini daha da artırır.
Britaniyanın Ukraynaya əlavə hərbi dəstək göstərmək planları da Berlin müzakirələrinin mühüm istiqamətlərindəndir. Londonun açıqladığı təşəbbüsə əsasən, Kiyevə mindən artıq uzaqmənzilli zərbə dronunun verilməsi nəzərdə tutulur. Təxminən 260 milyon funt sterlinq dəyərində olan paketə dəniz, logistika və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları da daxildir. Bəzi dronların 1000 kilometrdən artıq məsafə qət etmək imkanına malik olacağı bildirilir.
Bununla yanaşı, Avropa İttifaqı Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması üçün 45 milyard avroluq kredit təşəbbüsünü də gündəmdə saxlayır. Bu addımlar göstərir ki, Ukraynaya dəstək artıq yalnız hərbi təchizatla məhdudlaşmır, ölkənin iqtisadi dayanıqlığı və gələcək təhlükəsizlik sisteminin formalaşdırılması da beynəlxalq müzakirələrin əsas mövzularına çevrilir.
Berlin görüşü bir daha təsdiqləyir ki, Ukrayna müharibəsinin gələcəyi yalnız döyüş meydanındakı vəziyyətdən deyil, böyük dövlətlər və Avropa ölkələri arasında aparılan diplomatik danışıqlardan da asılıdır. Münaqişənin dayandırılması, təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsi və uzunmüddətli sülhün əldə olunması üçün beynəlxalq səylərin uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Avropanın qarşısında duran əsas vəzifə isə təhlükəsizlik maraqlarını qorumaqla yanaşı, müharibənin siyasi-diplomatik yollarla başa çatdırılması üçün real imkanların yaradılmasıdır.
N.Adilqızı
XQ