Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Avropa ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan 6 maddəlik planı açıqlayıblar.
“AzPolitika” Qərb mediasına istinadla bildirir ki, planın əsas müddəalarına görə, Ukraynaya daimi hərbi dəstək davam etdiriləcək və sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti 800 min nəfərədək saxlanılacaq. Eyni zamanda ABŞ-nin dəstəyi ilə Avropanın rəhbərliyi altında “İstəklilər koalisiyası” çərçivəsində çoxmillətli qüvvələrin formalaşdırılması nəzərdə tutulur. Bu qüvvələrin zərurət yarandığı halda Ukrayna ərazisində fəaliyyət göstərə biləcəyi istisna edilmir.
Sənəddə atəşkəsə nəzarət mexanizminin yaradılması da əksini tapıb. ABŞ rəhbərliyi və beynəlxalq nümayəndələrin iştirakı ilə fəaliyyət göstərəcək mexanizm vəziyyətin monitorinqi, mümkün hücumlar barədə erkən xəbərdarlıq, pozuntuların qeydə alınması və onlara reaksiya verilməsini təmin etməlidir.
Plan Ukraynanın bərpasına investisiyaları, yenidənqurma işlərinin maliyyələşdirilməsini, ticarət sazişlərini, eləcə də dəymiş zərərin Rusiya tərəfindən kompensasiya edilməsini də ehtiva edir. Bu çərçivədə Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin toxunulmaz qalacağı vurğulanır.
Bundan başqa, Ukraynaya qarşı yenidən hücum və ya vəziyyətin kəskinləşməsi halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik vasitələrlə cavab veriləcəyi öhdəliyi götürülür. Sənəddə Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstək də ayrıca qeyd olunub.
Xatırladaq ki, bazar ertəsi Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planı ilə bağlı danışıqların ikinci raundu yekunlaşıb. Prezident Zelenskinin sözlərinə görə, amerikalı nümayəndələrlə danışıqlar məhsuldar və detallı olub, lakin ərazi məsələsi hələ də açıq qalır.
“Sky News”-un mənbələrə istinadən yazdığına görə, ABŞ Prezidenti Donald Tramp danışıqların nəticələrindən razıdır və bir sıra məsələlər üzrə konsensus əldə olunub. “The Guardian” isə ABŞ nümayəndə heyətinin tərəflər arasında məsələlərin “90 faizinin” razılaşdırıldığını bəyan etdiyini bildirir.
Rasim
“AzPolitika.info”