Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 fevral, AZƏRTAC
Avropanın bir sıra dövlətləri yaşıl enerji istehsalı kursunu dəyişərək neft və qaz istehsalını artırmaq qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, Yunanıstan, İtaliya və Kipr enerji təhlükəsizliyini təmin etmək məqsədilə neft və qaz kəşfiyyatını həyata keçirməyə başlayıblar.
Yunanıstanın “Energean Group” şirkətinin rəhbəri Matiosa Riqasa bildirib ki, 7 il əvvəl yaşıl enerji istehsalına daha çox sərmayə yatırılırdı: “Lakin ölkədə istehsal olunan alternativ enerji tələbatı ödəmir, buna görə də “ExxonMobil” şirkəti ilə birlikdə ölkənin qərb bölgələrində kəşfiyyat işləri aparılır. Yunanıstan enerji idxalından asılıdır və yeni neft quyuları enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”.
Analoji işlər İtaliyada da həyata keçirilir. Bu günlərdə İtaliya məhkəməsi neft kəşfiyyatı layihələrinin həyata keçirilməsini qadağan edən qanunu ləğv etdikdən sonra hökumət xarici sərmayədarlarla birlikdə qazma işlərinə başlayıb. Matiosa Riqasa nəzərə çatdırıb ki, bu gün Avropa qitəsi enerji təminatı baxımından əziyyət çəkir: “Qiymətlər hər gün yüksəlir ki, bu da ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir”.