Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin, o cümlədən Gürcüstan, Litva, Monteneqro və İtaliya nazirlərinin Azərbaycana səfərlərinə yalnız diplomatik protokol və ikitərəfli münasibətlərin inkişafı kontekstində baxmaq kifayət deyil. Bu səfərlər daha geniş geosiyasi, geoiqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq maraqları çərçivəsində təhlil edilməlidir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda yerləşməsi, Xəzər hövzəsinə çıxışı, Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrindəki rolu, enerji resursları və Türk dünyası ilə strateji əlaqələri ölkəmizi beynəlxalq münasibətlər sistemində diqqət mərkəzində saxlayan amillərdəndir:
”Məsələnin mühüm tərəfi budur ki, Avropa üçün Azərbaycan yalnız enerji mənbəyi deyil, həm də Avrasiya məkanında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasında əhəmiyyətli tərəfdaşdır. Bu sırada İtaliyanın xüsusi yeri var. Enerji təhlükəsizliyi. Azərbaycan İtaliyanın enerji təchizatında mühüm yer tutur. Bu baxımdan İtaliya Nazirlər Şurasının sədrinin Azərbaycana səfəri Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında yaranmış gərginliyin beynəlxalq enerji bazarlarına təsiri fonunda daha böyük əhəmiyyət kəsb edir. İtaliya enerji mənbələrini şaxələndirmək və təchizatın davamlılığını təmin etmək istəyir.
İkinci sırada iqtisadi maraqlarlar dayanır. İtaliya şirkətləri Azərbaycanın infrastruktur, sənaye, energetika, rəqəmsal texnologiyalar və bərpa olunan enerji sahələrində həyata keçirdiyi layihələrdə iştirak etmək niyyətindədirlər. Bakıdakı Azərbaycan–İtaliya Biznes Forumunda 240-dan çox şirkət və biznes qurumunun iştirakı bu marağın miqyasını göstərir.
Üçüncüsü, geosiyasi maraqlardır. İtaliya Azərbaycanla münasibətlərini Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi əlaqələrin inkişafı baxımından da əhəmiyyətli hesab edir. Orta Dəhliz və Xəzər hövzəsi vasitəsilə Asiyaya çıxış İtaliyanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə iştirak imkanlarını genişləndirir. Beləliklə, İtaliya üçün Azərbaycan enerji tərəfdaşı olmaqla yanaşı, Avrasiya iqtisadi məkanında mühüm strateji bağlantıdır. Eyni şeyləri Litva və Monteneqro üçün də söyləmək mümkündür”.
Arzuman Muradlı qeyd edib ki, Gürcüstanın Azərbaycanla münasibətlərində digər Avropa ölkələrindən fərqli olaraq birbaşa regional və coğrafi maraqlar daha qabarıqdır:
”Azərbaycan və Gürcüstan Cənubi Qafqazın iki mühüm dövlətidir. Onların münasibətləri regional təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişaf baxımından bir-biri ilə sıx bağlıdır”.
Süleyman