Avropada etirazların arxasında Rusiyanın da əli var AÇIQLAMA

03.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Avropada günü-gündən iğtişaşlar və etirazlar böyüyür. Bunun isə bir çox səbəbi var. Yeni dünya düzəni Avropada da bu cür proseslərlə müşayiət olunur. Son vaxtlar ABŞ-nin müdafiə xərclərinin daha böyük hissəsini Avropa ölkələrinin üzərinə qoyması onların sosial xərclərə vəsait ayırmaq imkanlarını məhdudlaşdırır. Bu da cəmiyyətdə haqlı narazılıq yaradır. Sosial xərclərin azalması və bununla bağlı yaranan problemlər etirazların səbəblərindən biridir".

Bunu Redaktor.az-a açıqlamasında son günlər Avropa ölkələrində baş verən iğtişaşlardan danışan politoloq Əli Mustafa bildirdi. Onun sözlərinə görə, Rusiyanın Avropa ilə əlaqələrinin kəsilməsi, ucuz Rusiya qazı və neftinin Avropaya satılmaması Avropa ölkələrini enerji resurslarını başqa mənbələrdən daha baha qiymətə almağa məcbur edir:

"Bu da ölkələrin büdcəsinə və sosial məsələlərə təsir göstərir. Eyni zamanda, Avropada mühafizəkar qüvvələrin hakimiyyətdə olduğu bildirilir və Trampın da onlara müsbət yanaşmadığı deyilir. ABŞ ilə Avropa arasında, əslində, gizli mübarizənin getdiyi barədə fikirlər var. Belə görünür ki, Tramp Avropadakı mövcud hakimiyyətləri dəyişərək onları sağçılarla, millətçi qüvvələrlə əvəzləməyə çalışır. Ehtimal olunur ki, mövcud gərginliklərin və münaqişələrin arxasında bu amil də dayanır".

Politoloq əlavə etdi ki, daha bir səbəb kimi Rusiyanın təsiri göstərilir. Hətta bir sıra analitiklər hesab edirlər ki, Avropadakı etirazların arxasında Rusiyanın da əli var.

"Rusiya bu ölkələrdə gərginlik yaratmaqla hökumətləri Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır. Təbii ki, səbəblər çoxdur. Digər mühüm məqam isə Avropanın demokratik ənənələri ilə bağlıdır. Avropa ölkələrinin əksəriyyəti demokratik dövlətlərdir. Orada etirazlar, mitinqlər və nümayişlər normal ictimai-siyasi prosedurlar hesab olunur. Cəmiyyətdə müəyyən narazılıqlar toplanır, insanlar bunu etirazlar vasitəsilə ifadə edir və nəticədə gərginlik müəyyən qədər azalır".

Müsahibimiz hesab edir ki, Avropa ölkələri bu proseslərdən qorxmurlar və bu, düzgün yanaşmadır:

"Cəmiyyət vaxtaşırı öz problemlərini bu şəkildə ifadə edir, hökumətin diqqətini narazılıqlara yönəldir və onu müəyyən addımlardan, xüsusilə xalqın maraqlarına zidd qərarlardan çəkindirir. Əslində, xalq hökumətin mənbəyidir, ona legitimlik verən əsas amildir. Buna görə də insanlar istədikləri vaxt öz sözlərini deyə bilirlər. Avropa dövlətləri də bütün çətinliklərə baxmayaraq, bu etirazları müəyyən həddə qəbul edirlər".

Əli Mustafa nəzərə çatdırdı ki, hazırda Avropada etirazların və münaqişələrin qarşısını almağa çalışırlar:

"Bu da normaldır. Çünki dövlətin vəzifələrindən biri ictimai asayişi qorumaq, hətta bəzən insanları özlərindən qorumaqdır. Bu, dövlətin əsas funksiyalarından biridir. Bütövlükdə götürdükdə, Avropada baş verən bugünkü qarşıdurma və gərginlikləri müvəqqəti dalğa kimi qiymətləndirirəm. Düşünürəm ki, bu proseslər zamanla səngiyəcək".

Politoloqun fikrincə, mövcud vəziyyət Avropada bir sıra siyasi dəyişiklikləri və yeni prosesləri də sürətləndirə bilər:

"Ancaq ola bilsin, mövcud vəziyyət Avropada bir sıra siyasi dəyişiklikləri və yeni prosesləri sürətləndirsin. Dünya yenilənir, qlobal miqyasda bir növ yenilənmə prosesi gedir. Bu proses hər bölgədə fərqli formada təzahür edir. Avropada baş verən etirazlar və nümayişlər də həmin dəyişikliklərin bir təzahürü kimi qiymətləndirilə bilər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью