Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesində növbəti baxış iclası keçirilib.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə kecirilən iclasda zərərçəkənlərin ifadələri dinlənilib.
Təqsirləndirilən Sevinc Aslanova tərəfindən aldadıldığını deyən zərərçəkənlər ifadəsində bildiriblər ki, "Avropada iş" elanını sosial şəbəkələrdə görəndən sonra elanda göstərilən ünvana yaxınlaşaraq sövdələşmə imzalamaqla yanaşı müxtəlif məbləğlərdə pul ödəyiblər. Bundan sonra onlara "Şengen" ölkələrindən iş dəvətlərinin gələcəyinə söz verilsə də, bu, baş verməyib və ödənilən məbləğlər də geri qaytarılmayib.
İstintaqla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova və "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayev ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələrinə, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirməsi ilə bağlı kifayət qədər dəlillər toplanılıb.
2024-c il mayın 15-də Kamil Curayev Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, o, istintaq orqanlarından yayınmaqla çağırışlara gəlməkdən boyun qaçırdığına görə, barəsində axtarış elan edilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
Digər təqsirləndirilən Sevinc Aslanova barəsində isə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Araşdırmalarla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova yaxın münasibətdə olduğu "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayevlə əlbir olaraq paytaxtla yanaşı bir çox bölgələrdən olan müxtəlif vətəndaşları, onları Avropa ilə yanaşı dünyanın bir çox digər ölkələrində yüksək maaş vədi ilə aldadaraq bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyiblər. Onların vətəndaşlara vəd etdikləri mövsümi xarakterli işlərlə yanaşı müxtəlif peşə əsaslı işlərin isə əslində heç bir hüquqi əsası olmayaraq saxta müqavilələr əsasında tərtib olunubmuş.
Aldadılan vətəndaşlara işləmək üçün vəd edilən ölkələr isə əsasən Niderland, Slovakiya, İngiltərə, Polşa, Rumıniya və digər "Şengen" ərazilərinə daxil olan ölkələr olub. Sevinc Aslanova Kamil Curayevlə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161 550 manatını mənimsəyiblər.
Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilib, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib.