Avropada keçirilən aksiyalar itkin probleminin qlobal miqyasda ictimailəşdirilməsi deməkdir

26.10.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu aksiyalar həm də erməni faşizminin anti-insani mahiyyətini ifşa edir

 “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Avropadakı silsilə aksiyaları davam edir. Cari ilin oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg”, oktyabrın 21-də isə Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi “Schuman” meydanında keçirilən aksiyalar oktyabrın 22-də Brüssel şəhərinin tarixi “Place de l’Albertine” meydanında davam etdirilib.

Aksiyalarda erməni işğalı fonunda itkin düşən azərbaycanlılar haqqında iştirakçılara ətraflı məlumat verilib, onların fotoşəkilləri, şəxsi əşyaları və s. nümayiş olunub. Aksiyalarda ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4010 azərbaycanlının itkin düşdüyü, onların arasında 71 uşağın, 288 qadının və 319 ahıl şəxsin olduğu barədə də geniş məlumat verilib.

Xatırladaq ki, itkin problemi hər zaman Azərbaycan dövlətinin əsas diqqət mərkəzində olub, məlum problemin həlli istiqamətində rəsmi Bakı tərəfindən ardıcıl səylər ortaya qoyulub. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi

bəzi itkinlərin aqibətinə aydınlıq gətirməyə imkan verdi. Lakin bütün bunlara rəğmən bu gün də  bir çox vətəndaşımızın taleyi naməlum olaraq qalır. Məhz bu səbəbdən də  “Qarabağ İtkin Ailələri” İctimai Birliyi itkin problemini beynəlxalq aləmin diqqətinə çatdırmaq, problemin həlli üçün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan dəstək almaq məqsədilə Avropada silsilə aksiyalara start verib.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin gerçəkləşdirdiyi aksiyalar bir çox baxımdan həyati əhəmiyyət kəsb edir.

Bu aksiyalar hər şeydən öncə itkin problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, onu qloballaşdırmaq baxımından son dərəcə önəmlidir. Etiraf etmək lazımdır ki, itkin problemi ilə bağlı bugünə qədər bu miqyasda aksiyalar keçirilməyib, beynəlxalq aləmə sözügedən problemlə bağlı bu qədər dolğun məlumat verilməyib. Bu baxımdan, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi aksiyaların müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır.

İkincisi, Avropada keçirilən bu aksiyalar həm də erməni faşizminin, onun anti-insani mahiyyətinin ifşası baxımından mühüm önəm kəsb edir. Çünki itkin problemi məhz erməni vəhşiliyi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi fonunda baş verib. Ermənistanın bu gün də itkinlərlə bağlı Azərbaycanla əməkdaşlıqdan imtina etməsi, dövlətimizə informasiya dəstəyi göstərməməsi rəsmi İrəvanın günümüzdə də itkin probleminin həllində maraqlı olmadığını göstərir.

Üçüncüsü, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin həyata keçirdiyi aksiyalar bir daha sübut etdi ki, Azərbaycanın üzləşdiyi itkin problemi əslində bütün bəşəriyətin problemidir və buna görə də hər bir dövlət, hər bir xalq bu problemin həllində maraqlı olmalıdır. Çünki itkin düşən hər bir Azərbaycan vətəndaşı həm də bəşəriyyətin bir fərdi, bir nümayəndəsidir və onların aqibətinə biganəlik bütün insanlığın faciəsi demək olar.

Heç şübhə yoxdur ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi bu aksiyalar itkin probleminin beynəlxalq səviyyəyə yüksəlməsinə, erməni faşizminin amansız simasının qlobal miqyasda ifşasına öz töhfəsini verəcək, problemin həlli üçün daha əlverişli zəmin formalaşdıracaq.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью