Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Yunanıstanın Krit adasında və ölkənin materik hissəsinin cənubunda yanğınların söndürülməsi zamanı üç yanğınsöndürən həyatını itirib.
Hazırda Fransa, İspaniya, Yunanıstan və Türkiyədə onlarla yanğın ocağı ilə mübarizə davam edir. Mütəxəssislər bildirirlər ki, ardıcıl istilik dalğaları və güclü küləklər alovun nəzarət altına alınmasını çətinləşdirir və yaşayış məntəqələri üçün təhlükəni artırır.
Fransanın Bordo şəhəri yaxınlığında baş verən meşə yanğınında alovun şəhərə yayılmasının qarşısı alınsa da, indiyədək 42 min hektar ərazi yanıb.
İspaniyada isə Madrid yaxınlığında ölkə tarixinin ən böyük meşə yanğınının vəziyyəti nəzarət altına alınmağa başlayıb. Bununla belə, Valensiya yaxınlığındakı yanğın hələ də davam edir. Baş nazir Pedro Sançes bildirib ki, tarixdə ilk dəfə meşə yanğını səbəbindən fövqəladə vəziyyətin ən yüksək – üçüncü əməliyyat səviyyəsi elan olunub və böhranın idarə edilməsi mərkəzi hökumətə həvalə edilib.
Yunanıstan və Türkiyədə yeni yanğın ocaqları səbəbindən bir sıra yaşayış məntəqələri təxliyə edilib.
Avropa Meşə Yanğınları Məlumat Sisteminin məlumatına görə, bu il Fransada yanğınların əhatə etdiyi ərazi rekord həddə çatıb. Fransa və İspaniyada ilin bu dövrü üçün qeydə alınan yanğınların sayı da əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir. Cənubi Avropada 330 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yanğınlarla mübarizədə iştirak edən xilasedicilərə təşəkkür edərək, Avropa ölkələrinin qarşılıqlı dəstəyinin davam etdiyini bildirib.
Avropa İttifaqının Böhranların İdarə Olunması Mərkəzi qarşıdakı həftələrdə vəziyyətin daha da mürəkkəbləşə biləcəyi barədə xəbərdarlıq edib. Qurum yay mövsümünün sonuna qədər xüsusilə İtaliya və Yunanıstanda yeni iri yanğınların baş vermə riskinin yüksək olduğunu vurğulayıb.
Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi fonunda Avropada meşə yanğınlarının mövsümü daha uzun və dağıdıcı xarakter alır. Onların qiymətləndirməsinə görə, bu yay müşahidə olunan ekstremal istilər nəticəsində azı 10 min nəfər həyatını itirib, kənd təsərrüfatına isə təxminən 2 milyard avro ziyan dəyib.
Bizimyol.info