Avropada qaz bahalaşır: Azərbaycan bundan nə qədər qazanacaq?

24.11.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Avropada təbii qazın qiymətinin kəskin yüksəlməsi Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərə təsir imkanlarını gündəmə gətirib. Lakin hasilatın azalması və Avropaya ixracın geriləməsi ölkənin artan tələbatdan nə dərəcədə faydalana biləcəyi ilə bağlı suallar yaradır.

İqtisadçı Vüsalə Əhmədova “Bakupost”a bildirib ki, Avropada qazın bahalaşmasını Azərbaycanın ixrac gəlirlərinin də eyni sürətlə və eyni nisbətdə artacağı kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, Azərbaycan Avropa bazarına qazı yalnız birja qiymətləri ilə satmır. İxracın əhəmiyyətli hissəsi uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Bu müqavilələrdə qiymətlər neftin dəyərinə, qaz indekslərinə və müəyyən dövrlər üzrə orta bazar göstəricilərinə bağlı formalaşır.

İqtisadçı qeyd edib ki, müqavilələrdə qiymət formulu gecikmə ilə hesablanırsa, hazırkı bahalaşmanın maliyyə nəticəsi növbəti aylarda və ya rüblərdə özünü göstərə bilər.

V.Əhmədova Azərbaycanın hasilat və ixrac göstəricilərinə də diqqət çəkib. Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 37,9 milyard kubmetr qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır. Həmin müddətdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropaya göndərilib.

İqtisadçı bildirib ki, diqqətçəkən məqamlardan biri Avropaya qaz ixracının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% azalmasıdır. Ümumi qaz ixracının isə cəmi 0,5% artması Azərbaycanın əlavə qaz təklif etmək imkanlarının hələlik məhdud olduğunu göstərir.

İqtisadçının sözlərinə görə, hazırda ölkədə qaz hasilatının əsas yükü “Şahdəniz” yatağının üzərinə düşür. 2026-cı ilin ilk doqquz ayında bu yataqdan 20,6 milyard kubmetr qaz hasil edilib.

V.Əhmədova hesab edir ki, Azərbaycanın əsas üstünlüyü yalnız qiymət artımından deyil, hasilat və ixrac potensialının genişləndirilməsindən asılıdır.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью