Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropada havaların kəskin soyuyacağına dair proqnozlar fonunda təbii qazın qiyməti sürətlə yüksəlib.
Avropanın qaz anbarlarında ehtiyatların nisbətən aşağı səviyyədə qalması da bazarda narahatlıq yaradır.
Eyni zamanda, Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar qlobal enerji təchizatına təsir göstərir.
Fars körfəzi ölkələrindən xam neft ixracının bərpasına baxmayaraq, mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə məhdudiyyətlər qalır. Asiyada da havaların soyuması qlobal LNG bazarında rəqabəti artıra bilər.
Yaponiya, Cənubi Koreya və Çinin bəzi bölgələrində temperaturun mövsümi normadan aşağı düşəcəyi gözlənilir.
Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41,94 milyard kubmetr təbii qaz hasil edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.
Hasilatın 31,78 milyard kubmetrini əmtəəlik təbii qaz təşkil edib. Energetika Nazirliyinin açıqladığı son ixrac məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici bazarlara 18,4 milyard kubmetr təbii qaz ixrac edib.
Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya tədarük olunub.
Ölkədə daxili bazarda qaz qiymətlərinə yenidən baxıla bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bizdə dünya bazarındakı qiymətlərlə ixracatın həcmi, hasilatla kommunal xidmətlərin bir əlaqəsi yoxdur:
“Çünki Azərbaycanda tarifləri Nazirlər Kabineti yanında Tarif (qiymət) Şurası müəyyənləşdirir. Tarif (qiymət) Şurası istənilən an qiymətləri ya qaldıra, ya da aşağı sala bilər. Yəni belə bir səlahiyyəti var.
Dünyada gedən proseslərlə Azərbaycandakı kommunal xidmətlərin dolayısı ilə əlaqəsi ola bilər, ancaq birbaşa heç bir əlaqəsi yoxdur. Ona görə də bu, Nazirlər Kabineti yanında Tarif (qiymət) Şurasının müstəsna hüququdur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: qaz Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin