Avropada qazın qiyməti son 4 ilin maksimumuna çatıb

29.10.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada təbii qazın qiyməti təchizatla bağlı narahatlıqlar və Asiyadan artan tələbat fonunda meqavat-saat üçün 100 avronu ötüb.

Banco.az xəbər verir ki, analitiklər sərt qış şəraitində qiymətlərin 130 avroya qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər.

Banco.az xəbər verir ki, Avropa qaz bazarının əsas göstəricisi hesab edilən Niderlandın TTF birjasında noyabr fyuçerslərinin qiyməti gün ərzində meqavat-saat üçün 101 avroya yaxınlaşıb. Sentyabrın əvvəlində isə qiymətlər 70 avrodan aşağı idi.

Bahalaşmanın əsas səbəblərindən biri Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün Hörmüz boğazındakı böhran səbəbindən müharibədən əvvəlki səviyyənin təxminən dörddə birinə enməsidir. Qlobal LNG tədarükünün təxminən beşdə birini təmin edən Qətərdən ixracın azalması Avropanın qışa hazırlığı ilə bağlı narahatlıqları artırıb.

Eyni zamanda, Asiya ölkələri, xüsusilə Çin mümkün tədarük fasilələrinə hazırlaşmaq üçün qaz alışlarını artırır. Bu isə LNG yüklərinin Avropadan Asiyaya yönəlməsinə və Avropa bazarında qiymət rəqabətinin güclənməsinə səbəb olur.

Analitiklərin fikrincə, qışın sərt keçməsi, temperaturun aşağı düşməsi və külək enerjisi istehsalının zəifləməsi qaz anbarlarından istifadənin sürətlənməsinə gətirib çıxara bilər. Belə bir ssenaridə təbii qazın qiyməti gələn ilin əvvəlinə qədər meqavat-saat üçün 130 avroya çata bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью