Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son 10 ildə “qoca qitə”nin siyasi xəritəsində baş verən dəyişikliklər göstərir ki, ənənəvi mərkəz-sağ və mərkəz-sol partiyalar artıq seçicilərin narahatlıqlarına əvvəlki kimi dominant şəkildə cavab verə bilmirlər. Miqrasiya böhranları, enerji təhlükəsizliyi, iqtisadi durğunluq, Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənlik və sosial narazılıqlar bir çox ölkədə ifrat sağ partiyaların mövqelərini gücləndirib. Ona görə də Avropa Xalq Partiyası (EPP) 2029-cu ildə keçiriləcək Avropa Parlamenti seçkilərinə indidən hazırlaşmağa başlayıb. EPP rəhbərliyi, həmçinin “Win2029” adlı xüsusi işçi qrupu yaradıb.
Maraqlıdır, mərkəz-sağ qüvvələr ifrat sağın seçicilərini geri qaytarmaq üçün öz siyasi xəttini nə qədər dəyişməlidir və bu dəyişikliklər partiyanın ideoloji kimliyinə necə təsir göstərəcək? Avropa Parlamentinin 2024-cü ildə formalaşan yeni tərkibi sözügedən müzakirələri daha da aktuallaşdırıb. İfrat sağ və avroskeptik qruplar əvvəlki dövrlərlə müqayisədə daha güclü təmsil olunur. “Patriots for Europe” (PfE) və Avropa Mühafizəkarları və İslahatçıları (ECR) qrupları parlamentdə əhəmiyyətli siyasi çəki qazanıb. Ona görə də EPP ən böyük siyasi qüvvədən əlavə, faktiki olaraq, parlamentin “açar oyunçusu” mövqeyinə yüksəlib.
Avropa Parlamentində istənilən sabit çoxluğun formalaşmasında EPP-nin rolu həlledicidir. Amma hazırda EPP daxilində iki fərqli yanaşma meydana çıxıb. Bir qrup hesab edir ki, ifrat sağın yüksəlişinə qarşı ən effektiv cavab onun gündəmini qismən mənimsəməkdir. Onların fikrincə, miqrasiya nəzarəti, sərhəd təhlükəsizliyi və milli maraqlar kimi məsələlərdə daha sərt mövqe sərgiləmək seçicilərin radikal partiyalara axınının qarşısını ala bilər. Digər qanad isə xəbərdarlıq edir ki, sözügedən yanaşma qısamüddətli siyasi qazanc versə də, uzunmüddətli perspektivdə ifrat sağın legitimləşməsinə və mərkəz-sağ siyasətin öz fərqləndirici xüsusiyyətlərini itirməsinə səbəb ola bilər. Yəni mübahisə artıq nəzəri müstəvidən çıxaraq praktiki siyasətdə özünü göstərir.
Son 2 ildə Avropa Parlamentində EPP-nin bəzi məsələlər üzrə ECR ilə əməkdaşlığı müşahidə olunub. Xüsusilə iqtisadi tənzimləmə, biznes mühiti və bəzi institusional məsələlərdə mərkəz-sağ və sağ qüvvələrin mövqeləri yaxınlaşıb. Lakin Avropa inteqrasiyası, hüququn aliliyi və Ukraynaya dəstək kimi fundamental mövzularda EPP hələ də müəyyən “qırmızı xətlər” saxladığını vurğulayır. Bir sıra akademik araşdırmalar bu modeli “çevik sədd” və ya “seçici əməkdaşlıq” kimi xarakterizə edir. Deməli, bəzi siyasət sahələrində əməkdaşlıq edilsə də, əsas dəyərlərdə məsafə qorunur.
Diqqətçəkən məqamlardan biri EPP sədri Manfred Veberin son illərdə formalaşdırdığı yanaşmadır. Veber dəfələrlə bildirib ki, partiya üçün potensial tərəfdaşların Avropa İttifaqını dəstəkləməsi, Ukraynanın yanında dayanması və hüququn aliliyi prinsiplərinə hörmət etməsi əsas meyarlardır. Onun yanaşması bəzi müşahidəçilər tərəfindən “Veber testi” kimi xarakterizə olunur. Məqsəd ifrat sağın bütün seqmentlərini eyni kateqoriyada qiymətləndirməmək və Avropa layihəsinə açıq şəkildə qarşı çıxan qüvvələrlə əməkdaşlıq imkanlarını məhdudlaşdırmaqdır.
Bununla belə, strategiyanın uğurlu olacağına dair qəti əminlik yoxdur. Son illərin siyasi təcrübəsi göstərir ki, ifrat sağ partiyalar miqrasiya və təhlükəsizlik mövzuları ilə yanaşı, sosial narazılıq, yaşayış xərclərinin artması və siyasi elitaya inamsızlıq kimi məsələlərdə də seçiciləri cəlb etməyi bacarıblar. Daha dəqiq desək, mərkəz partiyaları onların ritorikasını qismən mənimsədikdə belə, seçicilər “orijinallığa” üstünlük verirlər. Bu səbəbdən ifrat sağın yüksəlişini dayandırmağın yeganə yolu iqtisadi rifah, təhlükəsizlik və idarəetmə sahələrində daha inandırıcı alternativ təqdim etməkdir.
Qeyd edək ki, EPP daxilindəki fikir ayrılıqları gələcəkdə Avropa İttifaqının siyasi kursuna da təsirsiz ötüşməyəcək. Əgər partiya daxilində sağa yaxınlaşma tərəfdarları üstünlük qazanarsa, Avropa İttifaqının miqrasiya siyasətində daha sərt yanaşmaların, sərhəd nəzarətinin gücləndirilməsinin və bəzi yaşıl keçid təşəbbüslərinə yenidən baxılmasının şahidi olmaq mümkündür. Ənənəvi mərkəzçi xətt üstünlüyü qazandığı təqdirdə isə, EPP sosial demokratlar və liberallarla əməkdaşlığı davam etdirərək Avropa inteqrasiyasının mövcud modelini qorumağa çalışacaq. Hazırkı parlament statistikasına nəzər yetirsək, görərik ki, bütün sağ qüvvələrin birləşməsi sabit çoxluq yaratmağa kifayət etmir. Bu da mərkəzçi koalisiyaların hələ də Avropa siyasətinin əsas dayağı olaraq qaldığını göstərir.
Sonda bu qənaətə gəlmək olar ki, qarşıdakı illər Avropa siyasəti üçün həlledici dövr olacaq. Çünki söhbət Avropa siyasi mərkəzinin özünü yenidən necə müəyyənləşdirəcəyindən gedir. EPP ifrat sağın gündəmini qismən mənimsəməklə seçiciləri geri qaytarmağa çalışsa, qitədə siyasi debatların ümumi istiqamətini də dəyişə bilər. Yaxud mərkəzçi xəttə sadiq qalmaq qərarı verilsə, partiya artan ictimai narazılıqlar fonunda yeni və daha inandırıcı siyasi cavablar tapmalı olacaq. Hər iki halda aydındır ki, 2029-cu il seçkiləri Avropa İttifaqının gələcək siyasi modelinin hansı istiqamətdə formalaşacağına dair mühüm sınaqlardan birinə çevriləcək.
Nəzrin ELDARQIZI
XQ