“Avropada siyasi iradə problemi”

03.02.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əslində, avropalı siyasətçilər Böyük Britaniyanın Avropa İttifaqından çıxması – Brexit prosesi zamanı Avro-Atlantika məkanında ciddi geosiyasi ayrılmanın baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı idilər”.

Bu fikirləri millət vəkili Hikmət Babaoğlu “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, nəticə etibarilə Avro-Atlantika məkanı avrosentristlər və avroatlantikacılar olmaqla iki əsas cərəyana bölünüb və hadisələrin bu cür inkişafı gözlənilən idi: “Lakin həmin dövrdə Avropada uzaqgörən siyasi liderlərin olmaması səbəbindən Avropa ölkələri ABŞ-nin təhlükəsizlik çətiri altından çıxmaq üçün nə siyasi iradə, nə də cəsarət nümayiş etdirdilər. Onlar bir növ iqtisadi rifahlarının bir hissəsindən imtina etməyə məcbur oldular.
Hadisələrin sonrakı inkişafı Anqlo-Sakson İttifaqının strateji düşüncə tərzinin digər Avropa ölkələrindən köklü şəkildə fərqləndiyini ortaya qoydu.
Bu strategiya daha çox uzunmüddətli perspektivə hesablanıb və gəldiyimiz nöqtədə biz avrosentrist cərəyanın əsas liderlərindən biri olan Almaniyanın federal kanslerinin səsləndirdiyi reallıqlarla üz-üzə qalmışıq. Avrosentrist xəttin digər aparıcı lideri isə Fransadır. Hazırda Avropa yeni təhlükəsizlik arxitekturasını məhz avrosentrist məntiq üzərində formalaşdırmağa çalışır.
Bu gün səsləndirilən konseptual və fəlsəfi açıqlamalar da onu göstərir ki, Avropa artıq özünü ayrıca bir güc mərkəzi kimi dünyaya təqdim etməyə hazırlaşır”.

Deputatın fikrincə, Avropanın bu məqsədlərə çatması realdır və bu, hətta orta müddətli perspektivdə mümkün görünür:

“Yetər ki, Avropada Avropanı ayrıca güc mərkəzi kimi təqdim edəcək siyasi iradə formalaşsın. Avropanın iqtisadi imkanları və sənayeləşmə səviyyəsi buna tam əsas verir. Əgər ümumi təhlükəsizlik üçün ÜDM-in 5 faizi yox, hətta 8 faizi xərcləmək cəsarəti göstərilsə, yaxın 10 ildə tamamilə fərqli bir Avropa mənzərəsi ilə qarşılaşa bilərik.
Hazırda Avropada müşahidə olunan lidersizlik fonunda əsas sual məhz bu siyasi qətiyyətin olub-olmamasıdır.Mən hesab edirəm ki, bu istiqamətdə artıq müəyyən addımlar atılır. Lakin Avropanın qəti qərar verməsi üçün təxminən 3 ilə ehtiyac var. Üç ildən sonra ABŞ-nin Avropaya münasibətlərində kəskin dönüş baş verərsə, tamamilə fərqli bir mənzərənin şahidi ola bilərik. Əks halda isə indiki proseslər yeni və fərqli bir reallıq formalaşdıracaq”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью