Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

06.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Avropada təbii qaz Yaxın Şərqdəki gərginliyin diplomatik yollarla azaldıla biləcəyinə dair gözləntilərin güclənməsi fonunda həftə ərzində 16 faizədək ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, Niderlandın TTF habında bir meqavat-saat üzrə qiymət 85 avroya enib. Qiymətin aşağı düşməsinə təsir göstərən əsas amillər arasında diplomatik həll perspektivlərinin güclənməsi, Qətərin ABŞ ilə İran arasında gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri, eləcə də ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının əldə etdiyi uğurlar yer alıb.

Qətər əmiri Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri, həmçinin Qətərin ABŞ və İran arasında danışıqlar prosesində vasitəçilik təşəbbüslərini müzakirə edib.

Bununla yanaşı, Qətərin ABŞ və İran arasında gərginliyin azaldılması məqsədilə tərəflərin iki gün ərzində qarşılıqlı etimadı gücləndirən addımlar atmasını və nüvə danışıqlarının bərpasını nəzərdə tutan saziş layihəsi təqdim etdiyi bildirilir.

ABŞ-nin “Axios” xəbər portalının məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Qətərin vasitəçiliyi ilə hazırlanan layihənin əsas məqsədi Vaşinqton və Tehran arasında iki gün ərzində qarşılıqlı addımların atılması yolu ilə daha genişmiqyaslı sazişin əldə olunmasına zəmin yaratmaqdır.

Məlumatda qeyd olunur ki, Qətərli vasitəçilər layihə ilə bağlı İran rəsmiləri və Ağ Ev nümayəndələri ilə müzakirələri davam etdirirlər. Bununla belə, tərəflər arasında əsas fikir ayrılıqları hələ də aradan qaldırılmayıb.

Yaxın Şərqdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranan fasilələr isə Avropanın enerji təchizatı ilə bağlı vəziyyətinə mənfi təsir göstərməkdə davam edir. Qeyd olunan region münaqişədən əvvəl qlobal LNG təchizatının təxminən 20 faizini təmin edirdi.

Avropa İttifaqı (Aİ) ölkələrində təbii qaz anbarlarının doluluq səviyyəsinin mövsümi orta göstəricidən aşağı olması da qiymətlərin daha çox azalmasını məhdudlaşdıran amillərdəndir. “Gas Infrastructure Europe” təşkilatının məlumatına görə, Aİ ölkələrinin qaz anbarlarının doluluq səviyyəsi 73,75 faiz təşkil edib.

Havanın temperaturunun aşağı düşməsi, eləcə də külək və günəş enerjisi istehsalının zəifləməsi qaz anbarlarından yanacaq götürülməsinin həcmini artırıb. Qış mövsümünün yaxınlaşması ilə Avropanın LNG tədarükü uğrunda Asiya ölkələri ilə rəqabətinin də güclənəcəyi gözlənilir. Asiyalı alıcıların spot bazardan LNG alışını artırmaq meyli qlobal təchizat uğrunda rəqabəti daha da kəskinləşdirə biləcək amillər sırasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью