Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropada ölümcül infeksiyalara səbəb ola bilən "Vibrio vulnificus" bakteriyasının yayılma riski artıb.
Redaktor.az bu haqda "Metro" nəşrinə istinadla xəbər verir.
Mütəxəssislərin məlumatına görə, bu bakteriya "ət yeyən" bakteriya kimi tanınır və toxumaların sürətlə zədələnməsinə səbəb olan nekrotik fasiit xəstəliyini yarada bilər. Ağır hallarda xəstənin həyatını xilas etmək üçün ətrafların amputasiyası tələb oluna bilər. İnfeksiya qana keçərsə, sepsis inkişaf edə bilər.
Bildirilib ki, bakteriya daha çox isti və duzluluğu aşağı olan sularda, xüsusilə çay mənsəbləri və laqunlarda yayılır.
Mütəxəssislər qeyd edirlər ki, əvvəllər Aralıq dənizinin yüksək duzluluğu bu bakteriyanın yayılmasının qarşısını alırdı. Lakin suyun temperaturunun artması və duzluluğun azalması onun daha geniş ərazilərə yayılması riskini yüksəldir.
Həkimlər açıq yarası olan şəxslərə isti dəniz sularına girərkən ehtiyatlı olmağı və infeksiya əlamətləri müşahidə olunduğu halda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI