Avropada təhlükəsizliklə bağlı yaranan suallar

23.01.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rəsmi Berlin Aİ-nin gələcəyindən narahatdır

Son aylar Almaniyada Avropa İttifaqının (Aİ) gələcəyi ilə bağlı debatlarda sərt ton özünü daha çox büruzə verir. Söhbət birliyin davamlılıq modeli ətrafındakı müzakirələrdən gedir. Hazırda Aİ-nin təhlükəsizlik arxitekturası, iqtisadi rəqabət qabiliyyəti və siyasi birliyi sual altındadır. Sözügedən proseslə bağlı müzakirələrdə səsləndirilən fikirlər diqqət çəkir. Bir çoxları hesab edirlər ki, Ukrayna müharibəsi Aİ-ni “normal dövrün” qaydaları ilə idarə olunan qurum olmaqdan çıxarıb. Üstəlik, qurum daxilində yeni reallığa uyğun institut və qərar mexanizmləri hələ tam formalaşmayıb.

Əlbəttə, mövcud vəziyyətə təsir göstərən ən mühüm amil Ukrayna müharibəsinin uzanmasıdır. Müharibə Avropanın enerji, müdafiə və sənaye siyasətini köklü şəkildə dəyişdirib. Alman ekspertləri üçün əsas düşündürücü məqamlar Ukraynaya nə qədər dəstəyin verilməsi və Aİ-nin prosesi daha neçə il davam etdirə biləcəyidir. Çünki risklər təkcə cəbhədəki vəziyyətlə məhdudlaşmır. Uzunmüddətli yardım, müdafiə istehsalının artırılması, sanksiya rejimlərinin davamlılığı və Avropa cəmiyyətlərinin yorğunluğu bir-birinə bağlanan zəncir kimidir. Avropa İttifaqının təhlükəsizlik gündəmində 2026-cı il üçün aparılan ekspert qiymətləndirmələrində Ukrayna ilə bağlı “uğursuz sülh ssenarisi”, ABŞ-ın dəstəkdə geri çəkilməsi və hibrid təhdidlər kimi risklərin önə çıxması bu narahatlığın institusional səviyyədə hiss edildiyini göstərir. Bununla yanaşı, ABŞ-la gərginliyin artması da prosesə təsir göstərir. Almaniyada transatlantik xəttin zəifləməsi xüsusilə iki istiqamətdə dəyərləndirilir. Birincisi, ticarət təzyiqləri, ikincisi isə təhlükəsizlik zəmanətlərinin etibarlılığıdır. Davos və Qrenlandiya ətrafında gedən siyasi mübahisələr fonunda NATO daxilində yaranan fikir ayrılıqlarının alyansı həssas vəziyyətə saldığı barədə Alman hərbi rəhbərliyindən səslənən xəbərdarlıqlar bu narahatlıqları daha da alovlandırır. Bu günlərdə Almaniyanın Birgə Qüvvələr Komandanlığının generalı Aleksandr Sollfrankın ABŞ–Avropa xəttindəki gərginliyin NATO birliyini zəiflətməsi və Rusiyanın bu parçalanmanı izlədiyi barədə açıqlaması təhlükəsizlik baxımından siyasi riskin real nəticələr doğura biləcəyini gündəmə gətirir.

Aİ daxilində siyasi parçalanma və qərar qəbuletmədə müşahidə edilən çətinlik də vəziyyəti getdikcə mürəkkəbləşdirir. Berlində tez-tez vurğulanan məqam ondan ibarətdir ki, Aİ eyni anda həm genişlənmə, həm də dərinləşmə dilemması yaşayır. Populizm dalğaları, seçkilərin nəticələri və “veto siyasəti” kimi faktorlar ortaq xəttin formalaşmasına mane olur. Maraqlıdır ki, parçalanma xarici siyasəti aşaraq büdcə intizamı, miqrasiya, kənd təsərrüfatı və sənaye subsidiyaları kimi mövzularda da hiss olunur. Ona görə də alman analitiklər prosesə “vahid bazar var, amma vahid siyasi iradə yox” nöqteyi-nəzərindən yanaşırlar.

Dördüncü səbəb iqtisadi rəqabət qabiliyyətidir. Məhz bu kontekstdə Almaniya və İtaliyanın birgə hazırladığı sənədin Aİ-nin ABŞ və Çinlə rəqabətdə geri qalmaq riski barədə xəbərdarlığı Almaniya debatını daha da kəskinləşdirib. Sənəddə bürokratiyanın azaldılması, icazə proseslərinin sürətləndirilməsi, vahid bazarın dərinləşdirilməsi kimi təkliflər önə çəkilir, hətta Aİ daxilində ticarət maneələrinin yüksək olması barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinad edilir. Yəni Aİ-nin gələcəkdə sənaye və texnologiya yarışında da uduzmaq təhlükəsi var. Əgər enerji keçidi, rəqəmsallaşma və müdafiə sənayesi eyni anda maliyyələşdirilməlidirsə, bunun üçün daha çevik, eləcə də nəticəyönlü idarəçilik tələb olunur.

Avropa Komissiyasının rəhbərliyindən gələn mesajlar da Almaniyada diqqətlə izlənilir. Xüsusilə Ursula fon der Lyayenin çıxışları Birliyin mövcud durumunu strateji yolayrıcı kimi təqdim edir. Məsələn, Lyayenin Aİ ilə bağlı “dönüş nöqtəsi” ifadəsi Avropanın artıq əvvəlki təhlükəsizlik və iqtisadi komfort zonasına qayıda bilməyəcəyinin etirafı kimi qəbul olunur. Fon der Lyayen Aİ-nin daha çox müstəqil qərarvermə qabiliyyəti qazanmasının, xüsusilə enerji, müdafiə, texnologiya və kritik xammal sahələrində xarici asılılıqların azaldılmasının vacibliyini ön plana çəkir. Bu çərçivədə sadalanan prioritetlər, güclü və rəqabətədavamlı iqtisadiyyat, dayanıqlı sənaye bazası, innovasiya və texnoloji liderlik Almaniya üçün xüsusilə həssas mövzulardır. Çünki alman modeli uzun illər ixraca, ucuz enerjiyə və sabit qlobal ticarətə söykənib. İndi isə bu sütunların hər biri çökmək təhlükəsi ilə üz-üzədir. Fon der Lyayenin vurğuladığı daxili birliyin möhkəmləndirilməsi ideyası da məhz bu səbəbdən əhəmiyyətlidir. Avropa daxilində parçalanmış mövqelər olduğu halda nə sənaye strategiyası, nə müdafiə siyasəti, nə də rəqəmsal transformasiya effektiv nəticə verə bilər. Yəni Aİ daxilində kompromis məsələsi artıq strateji zərurətə çevrilib. Sonda bir məqamı da vurğulayaq ki, etibarlı müdafiə qabiliyyəti məsələsi artıq konkret büdcə və istehsal qərarları tələb edən sahə kimi müzakirə olunur. Ukrayna müharibəsi göstərdi ki, Avropa təhlükəsizlik baxımından hələ də ciddi dərəcədə xarici dayaqlara güvənir. Məhz bu nöqtədə alman auditoriyası üçün əsas dilemma formalaşır. Avropa İttifaqı ya böhranlara reaksiya verən, hadisələrin ardınca gedən reaktiv qurum olaraq qalacaq, ya da riskləri öncədən görən, resurslarını səfərbər edə bilən və qlobal proseslərə istiqamət verən strateji aktora çevriləcək. Sözsüz ki, seçim Brüssellə yanaşı, digər milli paytaxtların siyasi iradəsindən də asılı olacaq.

Zaur MƏMMƏDOV,
politoloq

Avropa İttifaqı İkinci Dünya müharibəsindən sonra yaranmış dərin siyasi və iqtisadi çağırışlara cavab vermək məqsədilə ABŞ və Böyük Britaniyanın bu və ya digər formada təşviqi və təsiri ilə formalaşmış inteqrasiya modeli idi. Lakin hazırda Donald Tramp dövründə ABŞ-ın beynəlxalq münasibətlər sisteminə yanaşmasında müşahidə olunan kəskin dəyişikliklər bu modeli ciddi sınaq qarşısında qoyub. “Öncə Amerika” prinsipi, çoxtərəfli mexanizmlərə skeptik münasibət və müttəfiqlərlə münasibətlərin daha çox transaksional çərçivədə qiymətləndirilməsi Avropada dərin narahatlıq yaratdı. Məhz bu kontekstdə Avropada ABŞ-la münasibətlərin gələcək trayektoriyasına və NATO-nun mövcud struktur davamlılığına prinsipial yanaşanların sayı nəzərəçarpacaq dərəcədə artmağa başladı. NATO-nun kollektiv müdafiə mexanizmləri formal olaraq qüvvədə qalsa da, siyasi iradə və etimad məsələsi daha çox müzakirə olunur.

Proses Avropa siyasi düşüncəsində yeni bir mərhələnin formalaşdığını göstərir. “Qoca qitə” artıq öz strateji imkanlarını, müdafiə potensialını və siyasi müstəqilliyini yenidən dəyərləndirməyə başlayır. Dəyişən yanaşma Aİ-nin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas intellektual və siyasi dönüş nöqtələrindən biri kimi çıxış edir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью