Avropada “Tesla”nın satışları xeyli azalıb

03.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 3 sentyabr, AZƏRTAC

ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” son on ildə ən böyük gəlir itkisi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi tərəfindən aparılan araşdırma “Tesla”nın Avropadakı satışlarının xeyli azaldığını göstərib.

Fransada satışlar bu ilin avqustunda ötən ilin avqustu ilə müqayisədə 47,3 faiz azalıb. Azalma Danimarkada 42, Niderlandda 50, İsveçdə isə 84 faizdən çox olub. Şirkət Norveçdə satış həcmini 21,3 faiz artırsa da, bu sahədə çinli rəqibi BYD-dən bir qədər geri qalır. Elektrik avromobillərə 7 min avroya qədər subsidiya təqdim edən İspaniyada “Tesla”nın satışları 161 faiz, BYD-də isə 400 faiz artıb. Portuqaliyada “Tesla” modelləri üçün sifarişlərin həcmi yeddi aylıq azalmadan sonra avqustda 28,7 faiz yüksəlib.

Amerika şirkəti iyulun sonunda ardıcıl ikinci mənfəət azalmasını yaşayıb. Avtomobil istehsalçısı ötən rübdə 1,17 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 16 faiz azdır. Bunun əsas səbəblərindən biri avtomobil tədarükünün 13,5 faiz azalaraq 384 min 122-yə enməsidir. İndiyədək ən çox satılan Y modelinin yeni variantı da satış həcmini artıra bilməyib. Hətta şirkətin Avropa üçün əsas ümidi olan Berlin yaxınlığındakı nəhəng zavodun sifarişlərində də azalma tendensiyası müşahidə olunur.

Ümumilikdə şirkətin gəlirlərinin azalmasının əsas səbəbləri arasında Y modelinə keçid mərhələsi, Elon Maskın siyasi fəaliyyəti ilə bağlı mübahisələr, ABŞ hökumətinin iqlim siyasətindəki dəyişikliklər, eləcə də digər istehsalçıların, xüsusilə Çin markalarının artan təzyiqi yer alır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью