Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropada yoxsulluq problemi dərinləşib.
Sosial müdafiə sistemlərində maliyyə çatışmazlığı, yaşayış xərclərinin artması və əsas xidmətlərə çıxış imkanlarının məhdudlaşması xüsusilə aztəminatlı ailələrdə böyüyən uşaqların vəziyyətini çətinləşdirir.
“Cebheinfo.az” xəbər verir ki, Avropa İttifaqı ölkələrində uşaqların təxminən dörddə birinin yoxsulluq və ya sosial təcrid riski ilə üzləşdiyi bildirilir.
Avropada uşaq hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını birləşdirən Eurochild qurumu “Avropada Ehtiyac İçində Olan Uşaqlara dair 2026-cı il Hesabatı”nı yayımlayıb.
32 ölkədən 54 üzv və hesabatın hazırlanmasına töhfə verən qurumun qiymətləndirmələri əsasında hazırlanan sənəddə uşaq yoxsulluğu, sosial müdafiə sistemləri, əsas xidmətlərə çıxış və uşaqlara ayrılan dövlət vəsaitləri araşdırılıb.
Hesabatda Avropa Statistika İdarəsinin (Eurostat) 2025-ci il üzrə məlumatlarına əsasən, Aİ ölkələrində uşaqların 24,3 faizinin yoxsulluq və ya sosial təcrid riski altında olduğu bildirilib.
Ən yüksək göstərici İspaniyada 33,8 faiz, Bolqarıstanda 33,1 faiz, Rumıniyada isə 32,4 faiz təşkil edib.
2024-cü illə müqayisədə uşaq yoxsulluğu 10 ölkədə artıb, 15 ölkədə azalıb, 2 ölkədə isə dəyişməyib.
Ən böyük artım Avstriya, Estoniya və İrlandiyada, ən nəzərəçarpan azalma isə Xorvatiya, Malta və Niderlandda qeydə alınıb.
Aİ-yə namizəd və potensial namizəd ölkələrdə vəziyyətin daha ağır olduğu vurğulanıb. Albaniyada uşaqların 46,6 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşir. Ukraynada isə uşaqların 70 faizinin əsas mal və xidmətlərə çıxış imkanının olmadığı bildirilib.
Hesabatda təkvalideynli və çoxuşaqlı ailələrdə böyüyən uşaqların, eləcə də miqrant, qaçqın, Roma icmasının nümayəndəsi və əlilliyi olan uşaqların yoxsulluqdan daha çox təsirləndiyi qeyd olunub.
Sənəddə Avropada uşaqların sosial müdafiəsi üçün ayrılan maliyyənin ehtiyacları qarşılamaq üçün kifayət etmədiyi vurğulanıb.
Sosial yardımların artan yaşayış xərclərinə uyğunlaşmaması və mürəkkəb sənədləşmə prosedurları ailələrin dəstək proqramlarından yararlanmasını çətinləşdirir.
Xüsusilə erkən uşaqlıq təhsili, uşaq baxımı, psixi sağlamlıq xidmətləri və münasib qiymətə mənzil təminatı sahələrində investisiyaların yetərsiz olduğu bildirilib.
Uşaqlara göstərilən xidmətlərin qısamüddətli layihələrdən və müvəqqəti maliyyə mənbələrindən asılılığı da sosial müdafiə sistemlərinin davamlılığına mənfi təsir göstərir.
Eurochild Aİ-yə 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcədə uşaq yoxsulluğu ilə mübarizə üçün ən azı 20 milyard avro ayırmağı tövsiyə edib.
Həmçinin milli və regional tərəfdaşlıq planlarının minimum 25 faizinin sosial inklüzivliyə, ən azı 5 faizinin isə uşaq yoxsulluğu ilə mübarizəyə yönəldilməsi təklif olunub. Yoxsulluğun yüksək olduğu ölkələrdə bu payın 10 faizə çatdırılması çağırışı edilib.
Gülər
"Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin