Avropadan Kremlə cavab: Kiyevi tərk etməyəcəyik

05.10.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Kiyevdə yerləşən Avstriya, Belçika, Almaniya, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, Estoniya, Niderland, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, İsveç və Albaniya səfirlikləri birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, adıçəkilən dövlətlərin səfirlikləri Kiyevdəki digər diplomatik nümayəndəlik rəhbərləri ilə birlikdə Rusiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatlara və xarici vətəndaşlara qarşı təhdidlərindən narahatlıq keçirir:

“Rusiya Vyana Konvensiyasına və beynəlxalq humanitar hüquqa riayət etməyə borcludur. Biz Kiyevdə qalırıq”. 

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova bu müraciətə qoşulub. O bildirib ki, təmsil etdiyi təşkilatın nümayəndə heyəti Kiyevdə qalır:
“Təhdidlər Avropanın Ukraynaya dəstəyini dayandırmayacaq. Onlar bizə yalnız bu dəstəyin nə üçün vacib olduğunu xatırladacaqlar!”.

Paylaşımlara Ukrayna paytaxtındakı körpülərdən birinin fotoşəkili əlavə olunub. Rusiya ordusu bir neçə gündür bu körpülərə qəsdən hücum edir. 

“The Guardian” mənbələrinə istinadən xəbər verir ki, Ukrayna paytaxtındakı Qərb diplomatları Rusiyanın mülki infrastrukturu atəşə tutması səbəbindən vəziyyətin kəskin şəkildə pisləşməsi halında həyata keçirməyi nəzərdə tutduğu planları gizli şəkildə müzakirə etməyə başlayıb. Bura Rusiyanın xarici nümayəndəlikləri hədəf almağa başladığı təqdirdə səfirliklərin Lvov və ya şərqi Polşaya köçürülməsinin mümkünlüyü də daxildir. 
Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev xarici diplomatik nümayəndəliklərdən paytaxtdan köçmək niyyətləri ilə bağlı heç bir bildiriş almayıb.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı kütləvi cavab zərbələri endirməyə davam edəcəyini açıqlayıb və diplomatik nümayəndəlik heyəti də daxil olmaqla xarici vətəndaşları ölkədə qalmaqdan çəkinməyə çağırıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью