Avropalılar media mənbəyini siyasi yönümə görə deyil, onun növünə əsasən seçirlər

05.06.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Brüssel, 5 iyun, AZƏRTAC

Avropa İttifaqının “Eurostat” statistika agentliyi tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, Avropada media istifadəçiləri xəbər mənbələrini seçərkən onların siyasi yönümünə, hədəf auditoriyasına və ya məzmunun istiqamətinə deyil, məhz media növünə üstünlük verirlər.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəzdində fəaliyyət göstərən Avropa Media və İnformasiya-Kommunikasiya İdarəsinin apardığı tədqiqatda isə xəbər əldə etmə vərdişlərinin xəritələndirilməsi məqsədilə televiziya və radio, çap mediası, xəbər saytları, sosial şəbəkələr, video paylaşım platformaları, podkastlar və rəy liderləri tərəfindən yaradılan məzmunun istifadəsi araşdırılıb.

Araşdırmanın nəticələri göstərir ki, respondentlərin əksəriyyəti xəbərləri sosial şəbəkələrdən (71 faiz) və televiziya vasitəsilə (69 faiz) əldə edirlər.

Avropa İttifaqının aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq çərçivəsində keçirilmiş sorğu onu da göstərib ki, 16 yaşdan yuxarı internet istifadəçilərinin 55 faizi mütəmadi olaraq xəbər saytlarına daxil olur.

Müqayisə üçün bildirək ki, respondentlərin 38 faizi video platformalardan, 35 faizi isə radiodan istifadə etdiyini bildirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью