Avropanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri korlanır və gələcəkdə rüsum savaşı qarşılıqlı ola bilər

23.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə görə səkkiz Avropa ölkəsini 10% tariflərlə hədələməsindən sonra AB ilə ABŞ arasında mühüm transatlantik ticarət müqaviləsi AB qanunvericiləri tərəfindən təsdiqlənməyəcək. Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyasının (EPP) lideri, almaniyalı Avropa Parlamentinin üzvü Manfred Veber X sosial media platformasında müvafiq mesaj paylaşıb. "EPP AB ilə ABŞ arasında ticarət müqaviləsini dəstəkləyir, lakin Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri nəzərə alınmaqla, onun təsdiqlənməsi bu mərhələdə mümkün deyil. Amerika mallarına sıfır tariflərin tətbiqi dayandırılmalıdır", - Veber yazıb.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində savaşı ABŞ başladıb və Avropa İttifaqı da ona cavab verir.

Əli Mustafa

Əli Mustafa qeyd edib ki, Rusiya-Ukrayna savaşına münasibətdə Donald Trampın apardığı siyasət, eyni zamanda əlavə rüsumlar tətbiq etməsi və Qrenlandiya adasını ilhaq etmək istəməsi avropalıların səbrini daşırıb: “Qrenlandiyanı müdafiə məqsədilə 8 Avropa ölkəsi ordakı təlimlərdə iştirak edir. Hərbçilər göndərir, eyni zamanda bəyanat imzalayıblar. Danimarkanı müdafiə edir, Qrenlandiyanın Danimarkaya məxsus olduğunu deyirlər. Bu da Donald Trampı qəzəbləndirib və o da 8 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir.

Fevral ayının 1-dən bu rüsumlar tətbiq olunacaq. Avropa ittifaqı da ABŞ-a qarşılıq verir. Bir müddət kənara çəkildilər. Artıq başa düşüblər ki, nə qədər güzəştə getsələr də, Tramp öz istəklərindən geri durmayacaq. Odur ki, onlar da Amerikanı öz sanksiyaları, rüsumları ilə hədələyirlər. Hazırda Amerika Avropa ticarət sazişini imzalamaqdan, ratifikasiya etməkdən imtina etməklə Avropa parlamenti bir növ Amerikaya mesaj verir ki, “Mənim də təsir alətlərim var. Siz bizim maraqlarımızı nəzərə almayacaqsınızsa və bizimlə strateji müttəfiq kimi davranmayacaqsınızsa, biz də sizə qarşı müəyyən addımlar ata bilərik”. Təbii ki, Avropa İttifaqının Çinlə əməkdaşlığı, Rusiya ilə davranışı məsələsi fərqli görünə bilən alətləri və onlardan istifadə imkanları var. Amma hələlik Avropa İttifaqı "güzgü effekti" verən tədbirlərə əl atırlar. Yəni Amerikanın atdığı addımlara eyni formada qarşılıq verirlər”.

Politoloq bildirib ki, Avropanın Amerika ilə münasibətləri getdikcə korlanır və gələcəkdə rüsum savaşı qarşılıqlı ola bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью