Avropanın danışıqlardan kənarda saxlanılması sülhə mane ola bilər

29.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Avropa ölkələrinin Rusiya, ABŞ və Ukrayna arasındakı üçtərəfli danışıqlarda iştirak etməyəcəyi ilə bağlı bəyanatı gələcək sülh sazişinin legitimliyi və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs Qərbin bu prosesdən kənarda saxlanılması sülhün əldə olunmasına və Avropanın təhlükəsizliyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımov bildirb ki, Avropanın danışıqlardan kənarda saxlanılması məsələsində ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür. Avropa ölkələri Ukraynanın təslimçi sülhə məcbur edilməməsi üçün ona dəstək göstərir və mümkün sülh sazişinin Ukraynanın maraqları nəzərə alınmaqla imzalanmasına çalışırlar.

Politoloqun sözlərinə görə, son 14 ay ərzində Ukraynanın müdafiəsinə yönələn dəstəyin əhəmiyyətli hissəsi Avropanın iştirakı ilə təmin olunub. Onun fikrincə, Avropanın prosesdən kənarda saxlanılması gələcək sülh sazişinin əldə olunmasını çətinləşdirə bilər.

Oqtay Qasımov vurğulayıb ki, Avropanın əsas məqsədlərindən biri Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də ölkənin təslimçi sülhə vadar edilməməsidir. Avropa hesab edir ki, Ukraynanın məğlubiyyəti Rusiyanın növbəti hədəfinin Avropa ola biləcəyi riskini artırır.

Oqtay Qasımov: Avropa Ukraynanın təslimçi sülhə məcbur edilməsinin qarşısını almağa çalışır

Müsahibimizin qənaətinə görə, Avropanın danışıqlardan kənarda saxlanılması təkcə Ukrayna münaqişəsinin həlli baxımından deyil, həm də Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi problemlər yarada bilər:

“İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem artıq dağılıb. Artıq beşinci ildir ki, Avropanın mərkəzində böyük bir müharibə gedir”, – deyə o bildirib.

Oqtay Qasımov qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra ABŞ-nin təhlükəsizlik təminatları çərçivəsində formalaşan Avropa təhlükəsizlik sisteminin hazırkı mərhələdə zəifləməsi qitənin beynəlxalq proseslərdəki mövqeyinə də təsir göstərir.

Onun fikrincə, danışıqların yalnız ABŞ və Rusiya formatında aparılması Avropanın qlobal proseslərdə ikinci dərəcəli gücə çevrilməsi, təhlükəsizliyinin isə davamlı təhdid altında qalması riskini artırır. Bu səbəbdən Avropa Ukraynanı dəstəkləməyə və onun təslimçi sülhə məcbur edilməsinin qarşısını almağa çalışır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью