Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Avtomobil istehsalçısı "Stellantis" Avropada tələbatın azalması, istehsal xərclərinin artması və Çin avtomobil markalarının rəqabətinin güclənməsi səbəbindən Fransadakı zavodlarında istehsalı müvəqqəti dayandırmağa hazırlaşır.
Banco.az xəbər verir ki, şirkət Fransanın Sochaux zavodunda çalışan təxminən 500 müvəqqəti işçinin də işinə xitam verəcəyini açıqlayıb.
Şirkətin açıqladığı istehsal cədvəlinə əsasən, qərar Fransadakı üç müəssisəyə təsir edəcək.
Mulhouse zavodunda "Peugeot 308" modelinin istehsalı dekabr ayında müəyyən günlərdə, eləcə də 23 dekabr – 11 yanvar tarixlərində dayandırılacaq.
"Citroen C5 Aircross" modelinin istehsal olunduğu Renn zavodunda isə fəaliyyət dekabrın 18-də axşam saatlarından yanvarın 5-dək müvəqqəti dayandırılacaq. Şirkət bu müddətin uzadılması ehtimalını da istisna etməyib.
Stellantis-in baş direktoru Antonio Filosa satışların davamlılığını təmin etmək, istehsal prosesindəki keyfiyyət problemlərini aradan qaldırmaq və şirkətin maliyyə vəziyyətini qorumaq istiqamətində tədbirlər həyata keçirir.
Bu çərçivədə xammal və yarımkeçiricilərin (çiplərin) bahalaşması nəticəsində yaranan xərclərin azaldılması əsas prioritetlərdən biri hesab olunur.
Qeyd edək ki, Stellantis-in istehsal məhdudiyyətləri yalnız Fransa ilə məhdudlaşmır. Şirkət daha əvvəl İtaliyadakı bəzi müəssisələrində də müvəqqəti istehsal fasilələri tətbiq edib. Bu qərarlardan Mirafiori və Pomigliano zavodları da təsirlənib.