Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Sizə sözün görüntüyə uduzacağı bir təəssüratla gəlmişəm. Avstriyanın Dornbirn şəhərindən, Lixtenşteynin paytaxtı Vadusdan, İsveçrənin ecazkar təbiətindən bəhs etmişdim. Andorranı belə bilməzdim…
Avropanın dəniz səviyyəsindən ən hündürdə (1023 m.) yerləşən paytaxtı – Andorra La Velladayıq. Ərazisi 468 kv. km. olan Andorra Azərbaycanın bir rayonundan belə balacadır. Ancaq bu balacanın canında nələr var:
– Andorranın daimi ordusu və Müdafiə Nazirliyi yoxdur
– Eyni vaxtda iki dövlət başçısı var:
Fransa Respublikasının prezidenti;
İspaniyanın Seu d’Urgell şəhərinin yepiskopu. Necə deyərlər, hazırda Fransanın prezidenti olan Emmanuel Makron eyni zamanda Andorranın da prezidenti sayılır
– Müasir konstitusiyası 1993-cü ildə yaradılsa da, Parlamentinin 600 ildən çox yaşı var. Andorra parlamentinin tarixi 1419-cu ilə gedib çıxır. Bu, Avropanın ən qədim parlament ənənələrindən biridir
– İspaniya və Fransa arasında yerləşməsinə baxmayaraq, rəsmi dil ispan və ya fransız deyil, katalancadır. Yəni “Andorra dili” deyə bir şey yoxdur.
– Avropa İttifaqının üzvü deyil, amma avrodan istifadə edir.
Andorra nə Aİ üzvüdür, nə də Şengen zonasına daxildir. Bununla belə, avro rəsmi valyutadır
***
İki nəhəng ölkə arasında yerləşən bu “cırtdan” çox qeyri-adi, hətta heyrətamiz tarixə malikdir.
Deməli, 1278-ci ildə iki hökmdar arasında imzalanmış müqavilə ilə başlayan siyasi sistem 1993-cü ildə müasir konstitusiya ilə yeni mərhələyə keçib. Yəni cəmi 87 min əhalisi olan kiçik bir xalq 700 ildən artıq müddətdə öz dövlətçilik ənənəsini qoruyub saxlaya bilir.
Andorranı maraqlı edən də budur.
Fikirləşirdim ki, Lixtenşteyn təəsüratlarıma görə oranı “Xəlvətdə cənnət” adlandırım. Ancaq dağların qoynunda, sanki təcridolunmuş, lakin ən müasir həyat tərzi ilə özünəməxsusluğu olan Andorra məni valeh etdi.
2009-cu ildən işgüzar səfərlərdəyəm. Bu illər ərzində Andorra ilə birgə 49 ölkədə olmuşam. Getməmişdən haqqında xəyali təsəvvürümlə reallıq arasında fərqin miqyasına görə Andorra ilk 3-lükdədir.
Bütün ölkələrdən fərqli arxitekturası var. Relyef və iqliminə həmahəng dizaynda memarlıq işi ilə göz oxşayır.
Ölkəni Avropada “tax free” kimi adlandırırlar. Ancaq bir neçə sənaye məhsulu və aksesuarı çıxsaq, elə də ucuz ölkə deyil. Məsələn, Portuqaliya daha ucuzluqdur.
***
Andorra ilə oyun paytaxdan 15 dəqiqəlik məsafədə olan Enkamp şəhərində keçiriləcək. Stadion FIFA-nın dəstəyi ilə tikilib və keçən il istifadəyə verilib.
Həm Andorra, həm Azərbaycan son oyunu qələbə ilə başa vurub.
16 ildir Andorra yığmasının “sükançısı” olan Koldo Alvares deyib ki, artıq müəyyən təcrübəmiz var və qələbə seriyaları formalaşdırmağın vaxtıdır. Görünür Cəbəllütariq qələbəsinin “şirəsi” damağında qalıb, seriyadan-filandan bəhs edir…
Bugünkü qarşılaşma bizim üçün seleksiya əhəmiyyəti ilə seçilir. Ayxan Abbasov az oynayanlara daha çox şans verib, yeni adlar qazanmağa çalışacam.
Lixtenşteynlə oyunda iştirak edənlərdən iki nəfər xaric, start heyətinin hamısı dəyişiləcək.
Oyunöncəsi mətbuat konfransında baş məşqçi ilə birgə iştirak edən Emin Mahmudovun millidə son oyunu olacaq. Bu haqda və Emin barədə ayrıca yazacağam.
Oyunsonrası konfransdan sonra millinin məşqini 15 dəq. izlədik. Yavaş-yavaş müəyyən “daşlar yerinə oturur” görüntüsü hiss edilirdi. AFFA rəhbərliyi getdikcə daha “konyuktur” və sistematik hərəkət etməyə başlayıb. Pərakəndəlik azalıb. Lakin düzəlməyi vacib görünən idarəçilik “sapınmaları” az da olsa, hələ var.
Millinin ab-havası isə “güllük-gülüstanlıq” idi.
Lixtenşteyndə qazanılan qələbə, Millətlər Liqasının D Liqasında qrup liderliyi kimi faktorlar pozitiv aura yaradıb. Bəli, daha çoxunu istəməkdə haqlıyıq, lakin hələ ki qələbə mentaliteti formalaşmalıdır. Məğlubiyyətsiz irəliləməyi pis-yaxşı bacaran Ayxan Abbasovun “drujinası” artıq bab rəqiblər üzərində qələbələr sıralamağı gözləyən azarkeşə xitab edəcək məhsul formalaşdırmalıdır.
***
Məşq bitdi və biz Andorra La Vellaya qayıtdıq. Axşam yeməyində həmkarımız Gündüz Abbaszadənin təşəbbüsü ilə bəndənizin ad günü ilə bağlı xoş bir ortam yaradıldı. Ad günlərini keçirməyi xoşlamıram, lakin nəcib ekspromt möhtəşəm hiss yaratdı. AFFA-ya da xüsusi təşəkkürlər; detallara diqqətlə yanaşan qurum, deməli, gələcək böyük işlərdə də uğur qazanacaq. 41 yaşı Avropanın ən hündür paytaxtında, həmkarlarla, iş səfərində qeyd etmək də varmış qismətdə.
***
Dedik-güldük, indi isə qayıdırıq işə. 87 min əhalisi olan “cırtdan” Andorranı məğlub etmək lazımdır. Ki, sonra “cırtdanın nağıllarına” ehtiyac qalmasın.
ML-in D Liqası da “bizə görə” ləğv olundu daha, C Liqasında uğurlu çıxış etmək üçün fundamental işlər görmək lazımdır. Ümumiyyətlə, qarşıya daha ciddi hədəflər qoymaq və sistematik o istiqamətdə irəliləmək lazımdır.
Elçin Cəlilov
P.S.
Yazının əvvəlində, “Sizə sözün görüntüyə uduzacağı bir təəssüratla gəlmişəm”in real ifadəsini bölüşürəm. Fotolara diqqət: