Avropanın enerji təhlükəsizliyində Azərbaycan faktoru ŞƏRH

23.01.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi geniş müsahibədə regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişən strateji məqamlara toxunmuşdur. Dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus olan və həm neft, həm də təbii qazı dünya bazarlarına, xüsusilə Avropaya ixrac edən yeganə ölkəsidir. Bu status Azərbaycanı sadəcə regional lider deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi xarakterizə edir. Prezident qeyd etmişdir ki, ölkəmizin malik olduğu zəngin karbohidrogen ehtiyatları onilliklər ərzində düzgün idarə edilmiş, əldə olunan gəlirlər isə infrastrukturun müasirləşdirilməsinə və ixrac marşrutlarının şaxələndirilməsinə yönəldilmişdir. Bu gün Azərbaycanın enerji strategiyası Cənubi Qafqazda bənzərsiz bir modeldir. Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan öz enerji müstəqilliyini tam təmin etmiş və xarici asılılığı sıfıra endirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilmişdir. Prezident İlham Əliyev müsahibəsində bildirmişdir ki, Azərbaycanın qaz ixracı coğrafiyası sürətlə genişlənir və bu, Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizinin ehtiyatları birbaşa Avropa istehlakçılarına çatdırılır ki, bu da qitənin enerji təhlükəsizliyinin diversifikasiyasında həlledici rol oynayır. Bu unikal mövqe Azərbaycanı regionda həm iqtisadi güc mərkəzi, həm də siyasi sabitliyin lövbəri statusuna yüksəldir. Müsahibədə həmçinin qeyd olunmuşdur ki, Azərbaycan yalnız ənənəvi enerji mənbələri ilə kifayətlənmir, həm də "Yaşıl Enerji" dəhlizlərinin yaradılması istiqamətində inqilabi addımlar atır. Neft və qaz ixracatçısı kimi qazanılan təcrübə və maliyyə imkanları indi bərpa olunan enerji növlərinin inkişafına yönəldilir. İlham Əliyev vurğulamışdır ki, Cənubi Qafqazda neft və qaz ixrac edən tək ölkə olmaq böyük məsuliyyətdir və Azərbaycan bu məsuliyyəti tərəfdaşları ilə birlikdə uğurla daşıyır. Ölkənin enerji diplomatiyası rəqabətə deyil, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu strateji üstünlük Azərbaycanın dünya arenasındakı çəkisini artırmaqla yanaşı, regionun gələcək sülh və rifahı üçün də ən mühüm iqtisadi təməli təşkil edir. Azərbaycanın enerji resursları sadəcə bir gəlir mənbəyi deyil, həm də qlobal miqyasda sabitliyin və inkişafın mühüm faktoruna çevrilmişdir.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью