Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq son illərdə daha da aktuallaşıb. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya bağlantıları və regional sabitlik məsələləri Azərbaycanın Avropa ilə münasibətlərində mühüm yer tutur.
Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində keçirilən görüşlər də bu əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini yenidən gündəmə gətirib.
Millət vəkili Azər Allahverənov Sherg.az-a Azərbaycanın Avropanın siyasi gündəliyindəki yeri və rolunun olduqca yüksək olduğunu söyləyib:
"Rəsmi Bakı bu gün bir sıra dövlətlər, xüsusilə də Avropa İttifaqına üzv ölkələr üçün strateji tərəfdaş olmaqla yanaşı, onların enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.
Nəzərə alsaq ki, Avropa İttifaqının 10 üzvü bu gün Azərbaycandan ixrac olunan təbii qaz hesabına enerji təhlükəsizliyini təmin edir, bu amil ölkəmizə olan inam və etimadın daha da güclənməsinə birbaşa təsir göstərir. Bu baxımdan ölkəmiz enerji təhlükəsizliyi ilə yanaşı, nəqliyyat-logistika bağlantılarının uğurla həyata keçirilməsində də mühüm rol oynayan dövlətdir. Bütün bunlar təbii qaz ixracının coğrafiyasının genişləndirilməsi üçün də yeni imkanlar yaradır.
Dünən Dublində keçirilən ikitərəfli görüşlərdə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə apardığı müzakirələrdə məhz sözügedən məsələlərə xüsusi diqqət yetirdi".
Parlamentari aparılan müzakirələrin Azərbaycanın artıq etibarlı və mühüm tərəfdaşa çevrildiyini göstərən vacib məqamlardan olduğunu bildirib:
"Şübhəsiz ki, enerji təchizatının şaxələndirilməsi fonunda qeyd olunan amil ölkəmizin əhəmiyyətini bir daha təsdiqləyir. Rusiya-Ukrayna müharibəsi və digər münaqişələr göstərdi ki, dövlətlərin enerji təminatında yalnız bir mənbədən asılı olması onları ciddi çətinliklərlə üz-üzə qoya bilər. Belə bir şəraitdə etibarlı tərəfdaşlara, xüsusilə də qaz idxalının şaxələndirilməsində mühüm rol oynayan ölkələrə ehtiyac artır. Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi Avropa dövlətlərinin enerji tələbatının qarşılanmasına və milli maraqlarının təmin olunmasına xidmət edən mühüm amildir.
Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlərdə bu məsələlərin açıq şəkildə müzakirə olunmasının şahidi olduq".
Deputat regional təhlükəsizlik məsələlərində Azərbaycanın rolunu xüsus vurğulayıb:
"Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni siyasi reallıqlar, sülhün və təhlükəsizliyin daha dayanıqlı olması üçün həllini gözləyən məsələlər ətrafında mövqeyini ifadə etməsi bütövlükdə regionun sabitlik məkanına çevrilməsinə töhfə verə bilər.
Bu, həm də Avropa Siyasi Birliyinin iştirakçısı olan dövlətlərin maraqlarına cavab verən regional və regionlararası layihələrin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşmasına şərait yaradır. Azərbaycanın hazırda həyata keçirdiyi inteqrasiya layihələri də məhz həmin mühüm istiqamətləri özündə birləşdirir".