525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropada sərnişin təyyarələrini hədəf alan bomba təhlükəsi geniş panika yaradıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa və İtaliyanın hər birində iki, İspaniya və Bolqarıstanda isə bir təyyarə yoxlanılıb. Yoxlamalar zamanı təyyarələrdə hər hansı partlayıcı maddə tapılmayıb.
Mançesterdən İspaniyanın Mursiya şəhərinə uçan “Ryanair” təyyarəsində 114 sərnişin və 7 heyət üzvü təxliyə edilib. İspaniya hökumətinin Mursiya bölgəsindəki nümayəndəsi Fransisko Lukas, Mülki Qvardiya tərəfindən aparılan yoxlama zamanı təyyarənin göyərtəsində partlayıcı maddə aşkarlanmadığını bildirib. O qeyd edib ki, artıq hava limanı normal şəkildə fəaliyyətini davam etdirir.
Bolqarıstan mediasının məlumatına görə, İsraildən gələn bir təyyarə elektron poçt vasitəsilə bomba həyəcanı aldıqdan sonra Sofiya hava limanına eniş etdi. Bolqarıstan Daxili İşlər Nazirliyinin rəsmiləri təyyarənin terrorla mübarizə qrupları tərəfindən mümkün partlayıcı qurğulara görə yoxlanıldığını bildiriblər.
London Hitrou Hava Limanından yola düşən və Varşava Şopen Hava Limanına uçmalı olan LOT Hava Yollarına məxsus təyyarə də bomba təhlükəsi üzləşib. Bu səbəbdən də təyyarə Varşava Modlin Hava Limanına yönləndirilib. Təyyarədə olan 181 nəfərin hamısı təxliyə edilib və hava limanı müvəqqəti olaraq uçuşlar üçün bağlanıb. Yoxlamadan sonra hava limanı fəaliyyətini bərpa edib.
Danimarkanın Kopenhagen şəhərindən Varşava Şopen Hava Limanına uçan başqa bir SAS Hava Yollarına məxsus təyyarə də bomba təhlükəsi səbəbindən yoxlanılıb. Təyyarə normal eniş edib və yoxlamalar zamanı heç bir partlayıcı maddə tapılmayıb.
Eləcə də, Roma Fiumicino Hava Limanında Lissabon və Dublindən gələn iki “Ryanair” təyyarəsində də anonim bomba təhlükəsi səbəbindən axtarış aparılıb.
Bomba zərərsizləşdirmə mütəxəssisləri sərnişinlərin, baqajın və təyyarənin təhlükəsizliyini təmin etmək üçün standart təhlükəsizlik prosedurlarını tətbiq ediblər. Axtarışlar zamanı heç bir şübhəli tapıntı aşkarlanmayıb. Dublindən gələn təyyarə eniş edənə qədər İtaliya Hərbi Hava Qüvvələri tərəfindən müşayiət olunub.
Bir gün əvvəl isə London Luton Hava Limanından yola düşən “Wizz Air” təyyarəsi uçuş zamanı bomba təhlükəsi səbəbindən Budapeştə yönləndirilib. Macarıstan qırıcı təyyarəsinin müşayiəti ilə sərnişin təyyarəsi Budapeşt List Ferens Beynəlxalq Hava Limanına eniş edib. Təyyarənin göyərtəsində və sərnişinlərin üzərində partlayıcı maddə tapılmadığı açıqlanıb.
İbrahim Cəfərov