Avropanın təhsil məkanı Azərbaycan gəncləri üçün yeni imkanlar açır

07.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisi Avropa ali təhsil məkanının imkanlarının Azərbaycan ictimaiyyətinə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Avropanın 16 ölkəsindən 60 universitet və milli təhsil agentliyinin iştirakı ilə keçiriləcək tədbir son illər Azərbaycan gənclərinin xaricdə təhsilə artan marağının göstəricilərindən biri kimi diqqət çəkir. Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın hüquqi bazası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Sonrakı dövrdə təhsil də daxil olmaqla müxtəlif sahələrdə həyata keçirilən layihələr bu münasibətlərin geniş spektrini formalaşdırıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə artıq dördüncü dəfə təşkil olunan sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveçin təhsil imkanları təqdim ediləcək. Tədbirin rəsmi açılışı oktyabrın 10-da keçiriləcək. Eyni zamanda, sərginin miqyası onun təkcə tələbələr üçün informasiya tədbiri olmadığını göstərir. Burada müxtəlif ölkələrin universitetləri ilə Azərbaycan gəncləri arasında birbaşa əlaqələrin qurulması, təhsil proqramları və tədqiqat imkanları barədə məlumat mübadiləsinin aparılması, təqaüd və maliyyələşmə mexanizmlərinin tanıdılması nəzərdə tutulur. Bu baxımdan tədbir gənclərin gələcək təhsil istiqamətlərini daha düzgün müəyyənləşdirməsinə xidmət edən platforma kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Aİ-nin Azərbaycanla təhsil sahəsində əməkdaşlığı yeni proses deyil. Birlik 2008-ci ildən Azərbaycanın təhsil sektoruna dəstək göstərir. Bu müddət ərzində 29 layihənin həyata keçirilməsi müxtəlif istiqamətlər üzrə əməkdaşlığın institusional əsaslarının formalaşdığını göstərir. Xüsusilə Erasmus+ və digər mübadilə proqramları çərçivəsində minlərlə azərbaycanlı tələbənin Avropada təhsil alması təhsil əlaqələrinin praktiki nəticələrindən biridir. Belə proqramlar yalnız akademik biliklərin əldə edilməsinə deyil, gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığına, xarici dilləri mənimsəməsinə, beynəlxalq əlaqələr qurmasına və gələcək peşə fəaliyyətləri üçün yeni imkanlar qazanmasına şərait yaradır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçin vurğuladığı kimi, Avropada təhsil beynəlxalq səviyyədə tanınan ali təhsil almaqla yanaşı, fərqli və dinamik mühitdə yeni bilik və bacarıqlar əldə etmək imkanıdır. Bu yanaşma müasir dövrdə ali təhsilin yalnız diplom əldə etmək vasitəsi deyil, həm də şəxsi və peşəkar inkişaf platformasına çevrildiyini göstərir.

Sərgidə iştirak edən ölkələrin təqdim etdiyi imkanlar Avropa təhsil məkanının müxtəlifliyini də nümayiş etdirir. Belə ki, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus bildirib ki, hazırda ölkəsində 400 azərbaycanlı tələbə təhsil alır. Litva ali məktəblərində ümumilikdə 16 mindən çox xarici tələbənin təhsil alması ölkənin beynəlxalq tələbələr üçün cəlbedici istiqamətlərdən birinə çevrildiyini göstərir. Litva tərəfi Azərbaycanla tələbə mübadiləsi və universitetlərarası əməkdaşlıqla yanaşı, lazer texnologiyaları və “FinTech” kimi innovativ sahələrdə də əlaqələrin genişləndirilməsində maraqlıdır.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya sərgidə ölkəsinin 9 universitetinin təmsil olunacağını bildirib. Onun sözlərinə görə, son illər azərbaycanlı gənclərin Latviyada təhsil almağa marağı artır.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma isə ölkəsinin uzunmüddətli ali təhsil ənənələrinə diqqət çəkib. Hazırda Macarıstanda 800 azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Əczaçılıq və kənd təsərrüfatı kimi ixtisaslara marağın xüsusi qeyd edilməsi Azərbaycanlı tələbələrin seçimlərinin müxtəlif sahələri əhatə etdiyini göstərir.

Şübhəsiz, “Study in Europe – Avropada Təhsil” sərgisi həmin əməkdaşlığın insan kapitalına yönəlmiş istiqamətlərindən birini ön plana çıxarır. Müasir iqtisadiyyatın əsas resurslarından birinin bilik və bacarıqlar olduğu nəzərə alınarsa, gənclərin dünyanın aparıcı təhsil sistemlərinə çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Bakıda keçiriləcək sərgi Azərbaycan gəncləri üçün gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli platformadır. 

Səbuhi MƏMMƏDOV,

Cavid QAÇAYEV (foto)

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью