Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baltik regionunda NATO–Rusiya qarşıdurması
Ukraynadakı müharibə dördüncü ilinə yaxınlaşdıqca Avropanın təhlükəsizlik xəritəsində yeni bir reallıq formalaşır. Əgər 2022-ci ildə əsas diqqət Donbas, Xerson və Zaporojye cəbhələrinə yönəlmişdisə, bu gün təhlükənin coğrafiyası daha genişdir. Baltik dənizi ətrafında baş verən hadisələr göstərir ki, NATO ilə Rusiya arasındakı qarşıdurma artıq Ukrayna ərazisində aparılan müharibə ilə məhdudlaşmır. Hava məkanında, dəniz marşrutlarında, sualtı infrastruktura qarşı təhdidlərdə və kiber məkanda paralel rəqabət yeni mərhələyə qədəm qoyur.
Sentyabrın 15-də Baltik dənizində baş verən insident bu mənada xüsusi diqqət çəkir. Danimarka hərbi helikopteri beynəlxalq sularda hərəkət edən Rusiya freqatını müşahidə etdiyi zaman gəmidən iki işıq raketi atılıb. Kopenhagen hadisəni təhlükəli və qəbuledilməz addım kimi qiymətləndirərək Rusiyaya etiraz notası təqdim edib. Moskva isə əksinə, Danimarka ekipajını təhlükəli manevrlər etməkdə ittiham edib və məsuliyyəti NATO ölkəsinin üzərinə qoyub. Görünür, Baltikdə hərbi qüvvələrin bir-birinə yaxın məsafədə fəaliyyəti artıq istənilən anda nəzarətdən çıxa biləcək risklər yaratmağa qadirdir. Eyni gün Litva üzərində yaşanan başqa hadisə də vəziyyətin nə qədər həssas olduğunu nümayiş etdirdi. NATO-nun Baltik hava patrulu missiyasında iştirak edən qırıcı təyyarə Belarus istiqamətindən Litva hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurdu. Litva rəsmilərinin bildirdiyinə görə, aparat partlayıcı daşıya bilərdi. Ona görə də NATO ərazisinə yönələn potensial təhlükənin hərbi vasitələrlə aradan qaldırılması kimi qiymətləndirildi.
Ümumən son aylarda Baltik regionunda qeydə alınan hadisələr bir-birindən ayrı görünsə də, bütöv mənzərəyə baxıldıqda onların eyni təhlükəsizlik zəncirinin həlqələri olduğu anlaşılır. Litva, Latviya, Estoniya, Polşa və Almaniya müxtəlif vaxtlarda dron insidentləri, kritik infrastrukturun hədəfə alınması, sabotaj cəhdləri və kiberhücumlarla bağlı xəbərdarlıqlar edib. NATO rəhbərliyi hadisələrin Avropanın şərq cinahına qarşı aparılan hibrid təzyiq strategiyasının tərkib hissəsi olduğunu bildirir. Alyansın baş katibi Mark Rütte son çıxışlarında Rusiyanın Avropada kiberhücumlar, sabotaj aktları, hava məkanı pozuntuları və pilotsuz aparat hadisələri ilə bağlı fəaliyyətlərinin artdığını da vurğulayıb.
Moskva isə tamamilə fərqli mənzərə təqdim edir. Kreml və Rusiya Xarici İşlər Nazirliyi NATO-nun son illərdə Baltik regionunda hərbi iştirakını ciddi şəkildə artırdığını bildirir. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bu ayın əvvəlində NATO-nun Baltik dənizini “hərbi qarşıdurma zonasına” çevirdiyini və faktiki olaraq müharibəyə hazırlaşdığını iddia edib. Eyni zamanda o, Rusiyanın Baltik ölkələrinə hücum etmək planının olmadığını bəyan edib.
Yeri gəlmişkən, Baltik dənizi ətrafında yaranan gərginliyin kökləri daha dərinə gedib çıxır. Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra regionun strateji balansı dəyişib. Bu gün Baltik sahillərinin böyük hissəsi NATO üzvlərinin nəzarətindədir. Rusiyanın Kalininqrad vilayəti isə coğrafi baxımdan alyans ölkələri ilə əhatələnmiş vəziyyətdədir. Moskva üçün Baltik dənizi məhz Kalininqradla əlaqə, hərbi logistika və strateji çəkindirmə vasitəsidir. NATO-ya gəldikdə, region Şimali Avropa müdafiəsinin əsas sütunlarından birinə çevrilib. Məhz buna görə son aylarda alyans Baltikdə müşahidə və patrul fəaliyyətlərini genişləndirib. “Baltic Sentry” kimi missiyalar sualtı infrastrukturun qorunması, şübhəli fəaliyyətlərin izlənməsi və hərbi risklərin azaldılması məqsədi daşıyır. NATO rəsmilərinin sözlərinə görə, son dövrlərdə sualtı kabellərə və digər kritik obyektlərə yönələn təhlükələr regionun təhlükəsizlik arxitekturasını dəyişməyə başlayıb.
Maraqlısı odur ki, Rusiya NATO-nun bu addımlarını hərbi təzyiq siyasəti kimi təqdim edir. Xarici işlər naziri Sergey Lavrov son həftələrdə bir neçə sərt açıqlama verib. O, NATO-nun Arktikadakı fəaliyyətlərini Rusiyaya qarşı “birbaşa təhlükə” adlandırıb və alyansın şimal istiqamətində hərbi fəallığının silahlı insident riskini artırdığını bildirib. Lavrovun Almaniyada Leyptsiq hava limanı ətrafında baş verən dron hadisəsi ilə bağlı sözləri isə Moskvanın hazırkı əhvalını daha aydın əks etdirir. Almaniya hökuməti həmin insidentdə Rusiyanın rolunun olduğu qənaətinə gəldikdən sonra Moskva ittihamları rədd edib. Lavrov Qərbin bu cür ittihamlarını “əsl müharibənin başlanğıcı” kimi xarakterizə edib və Almaniyanın Rusiyaya qarşı düşmən siyasət yürütdüyünü iddia edib.
Açıqlamalar daha çox siyasi və diplomatik müstəvidə səslənsə də, onların təhlükəli tərəfi qarşılıqlı inamsızlığı dərinləşdirməsidir. Yada salaq ki, Soyuq müharibə dövründə də ABŞ və SSRİ arasında bir çox hallarda riskli qarşıdurmalar yaşanırdı. Lakin tərəflər arasında kommunikasiya kanalları müəyyən qədər işləyirdi. Bu gün isə bir çox situasiya saniyələr içində qərar verməyi tələb edir. Belə şəraitdə yanlış hesablamanın nəticələri daha ağır olur.
Doğrudur, hazırkı mərhələdə NATO ilə Rusiya arasında birbaşa müharibə ehtimalından danışmaq üçün əsas yoxdur. Hər iki tərəf belə ssenarinin nəticələrinin fəlakətli olacağını yaxşı anlayır. Amma bu cür davamlı insidentlərin də vəziyyəti stabil saxlayacağını demək olmaz.
Nəzrin ELDARQIZI
XQ