Avropaya qaz nəqli sabit qalacaq

04.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Növbəti istilik mövsümündə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükü, demək olar ki, əvvəlki səviyyədə qalacaq. Nəql həcmlərinin boru kəmərinin layihə gücünə yaxın olacağı gözlənilir. Bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin “Global Gas Security Review 2026” hesabatında yer alıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqına qaz ixracı ötən ilin müvafiq dövrünün göstəricilərinə yaxın olub. Agentlik analitiklərinin qiymətləndirməsinə görə, mövcud marşrutlar üzrə qaz nəqli, bir qayda olaraq, layihə gücünə yaxın səviyyədə həyata keçirildiyindən boru kəmərləri ilə qaz tədarükünün artırılması imkanları məhduddur.

Sənəddə Avropaya boru kəmərləri ilə qaz idxalının əvvəlki istilik mövsümü ilə müqayisədə cüzi azalacağı qeyd olunub. Analitiklərin fikrincə, Norveçdən Avropanın digər ölkələrinə qaz tədarükünün “Ormen Lange” yatağında hasilatın dayandırılması səbəbindən illik müqayisədə 1 faiz (1 milyard kubmetr) azalacaq. Bununla yanaşı, hasilatın dayandırılmasının 2027-ci ilin yanvar ayının sonunadək davam edəcəyi gözlənilir.

Ümumilikdə, bu itkilərin Şimali Afrikadan boru kəmərləri vasitəsilə qaz tədarükünün artması hesabına qismən kompensasiya olunacağı bildirilir. Belə ki, 2026-cı ilin 9 ayında müşahidə olunan tendensiyaya uyğun olaraq bu regiondan tədarükün illik müqayisədə 4 faiz (0,5 milyard kubmetr) artacağı gözlənilir.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən, Rusiyanın Avropa İttifaqına boru kəmərləri vasitəsilə qaz tədarükü də 2025-2026-cı illərin istilik mövsümündəki səviyyəyə yaxın qalacaq. Buna səbəb Rusiya boru kəməri qazının idxalına tam qadağanın yalnız 2027-ci ilin dördüncü rübündə qüvvəyə minməsinin nəzərdə tutulmasıdır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan təbii qazın Avropa bazarlarına çatdırılmasını təmin edir. Uzunluğu 877 kilometr təşkil edən boru kəməri Yunanıstan – Türkiyə sərhədindən başlayaraq Albaniya ərazisi vasitəsilə Adriatik dənizinin dibi ilə İtaliyanın cənub sahillərinə qədər uzanır. TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edir. Boru kəmərində aparılan genişləndirmə işlərindən sonra bu göstəricinin 20 milyard kubmetrədək artırılması mümkündür.

Energetika Nazirliyinin məlumatına görə, istismara verildiyi 2020-ci il dekabrın 31-dən 2026-cı il oktyabrın 1-dək Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropa ölkələrinə, ümumilikdə, 61,4 milyard kubmetr qaz nəql olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью